İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişikliklərin vergi işçilərinin aylıq əməkhaqlarının 3 misli qədər artması kimi şərh edilməsinə aydınlıq gətirib.

Mia.az xəbər verir ki,  söhbət dəqiqləşmə xarakteri daşıyan bir dəyişiklikdən gedir və bunun əməkhaqlarının 3 misli qədər artırılması kimi şərhi tamamilə yanlışdır: "Belə bir tənzimləmə “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də artıq mövcuddur. Yəni indiyədək bütün dövlət qurumlarında olduğu kimi, il ərzində bir sıra bayram günlərində mükafat verilməsi vergi orqanlarında da tətbiq olunur.

Dövlət qulluğunun xüsusi növünə aid edilən digər dövlət orqanlarında xidmətkeçmə haqqında qanunlarda da oxşar tənzimləmə mövcuddur.

Beləliklə, hazırkı dəyişiklik əməkhaqlarının artımına dair hər hansı yeni tənzimləmə müəyyən etmir. Bu yalnız verilən mükafatların “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də də təsbit olunması ilə bağlı dəqiqləşmə xarakteri daşıyır.

Qeyd edək ki, dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişikliklər müzakirə olunub.

Əsasnaməyə əlavə edilməsi təkliflərdən biri vergi orqanlarının vəzifəli şəxslərinin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitin nəzərdə tutulmasıdır".