Bu
gün ADP İdarə Heyətinin növbəti tpolantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq
aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Rusiyanın
Ukraynaya yönəlik anneksiya və təcavüzkarlıq
siyasətinin davam etməsindən narahatlığını ifadə edən partiya rəsmiləri adı çəkilən
ölkənin beynəlxalq təkidlərə baxmayaraq öz qoşunlarını hələ də Ukrayna sərhədlərində
saxlamasını qətiyyətlə pisləyib və bu faktı beynəlxalq hüququn sərhədlərin
pozulmazlığı haqda ana prinsipinə zidd olduğunu diqqətə çatdırıb.
Partiyadan Mia.az-a verilən məlumata görə, İdarə Heyəti Rusiyanın Ukraynada yaşayan rusların maraqlarının qorunması adı altında bu ölkəyə hərbi müdaxiləsinin yolverilməz olduğunu bildirib və münaqişənin həlli yolunun könüllü olaraq Rusiyada yaşayan ukraynalıların Ukraynaya, Ukraynada yaşayan rusların isə Ukraynaya köçürülməsi barədə razılığın əldə edilməsini məqbul hesab edib.
İdarə heyəti İraqda hadisələrin getdikcə daha dramatik və faciəvi şəkil
almasından İrak Şam İslam Dövləti adı altında fəaliyyət göstərən terrorçu təşkilatın
insanlığa qarşı törətdiyi cinayət əməllərindən ciddi narahat olduğunu bildirib
və bu cinayət əməllərinin qarşısının
alınması üçün beynəlxalq məhkəmə prosesinin başlanmasının vacibliyini diqqətə
çatdırıb. Eyni zamanda baş verən hadisələrin arxasında İraq hakimiyyətinin ölkə
ərazisində tarixən məskunlaşan etnik və dini birliklərin hakimiyyətdə təmsil
olunmasında tarazlığın pozulması faktının durduğunu diqqətə çəkən partiya yetkliləri
İraq hakimiyyətini təriqət və məzhəblərin hakimiyyətdə təmsilçilik məsələsinə həssas
yanaşmağa, bölgəni, bütövlükdə isə dünyanı gərginliyə sürükləyən məzhəb
davalarına son qoymağa çağırıb.
İdarə Heyəti ABŞ Dövlət Departamentinin insan alveri ilə bağlı
açıqladığı hesabatında Azərbaycana aid yer alan neqativlərin reallığı əks
etdirdiyini bildirib və ölkəmizdə insan alveri, qul əməyi, qadınların əxlaqsızlığa
sürüklənməsi faktının arxasında yanlış sosial-iqtisadi siyasətin, bir qrupun kəskin
varlanmasına, böyük əksəriyyətin kəskin şəkildə yoxsullaşmasına stimul verən
korrupsiya və rüşvətxorluğun və bu bəlaların gətirdiyi yoxsulluq, işsizlik və səfalətin
durduğunu qeyd edib və hakimiyyəti hesabatda əksini tapan neqativlərin aradan
qaldırılması istiqamətində səylərini artırmağın vacibliyini diqqətə çatdırıb.
İdarə Heyəti Rusiya xarici işlər naziri S.Lavrovun Azərbaycana səfərinin
nəticələrinə münasibət bildirib və bu görüşün təfərrüatlarının cəmiyyətdən
gizli saxlanılmasından, qeyri-şəffaf aparılmasından narahatlığını ifadə edib və
Rusiya ilə qarşılıqlı əlaqələrin yalnız adı çəkilən ölkənin erməni himayədarlığından
geri çəkilməsindən, tarixi ərazilərimizin işğal və ilhaq siyasətini etiraf etməsindən,
tarix boyu Azərbaycana vurduğu maddi və mənəvi ziyanları kompensasiya etməsi
barədə öhdəlik götürməsindən sonra mümkün olduğunu bildirib və ölkəmizin
inkişaf yolunun geri qalmış Rusiya ilə iqtisadi əlaqələrdən deyil,
demokratiyanın, insan haqlarının, milli təhlükəsizliyin, strateji müttəfiqliyə
sadiqliyin aşkar şəkildə qorunduğu Avroatlantik məkana inteqrasiya olunmasında
olduğun diqqətə çatdırıb.
İdarə Heyəti son vaxtlar hakimiyyətin yerli və beynəlxalq təyinatlı
Qeyri Hökumət Təşkilatlarının fəaliyyətinin məqsədyönlü şəkildə məhdudlaşdırılması
siyasətini pisləyib, bu faktın arxasında hakimiyyətin cəmiyyəti təkbaşına idarə
etmək, ictimai nəzarətin, seçki mühitinin sağlamlaşdırılmasında əsas rol
oynayan vətəndaş institutlarını susdurmaq, siyasi plürallığın qarşısını almaq və
avtoritar rejimə söykənərək siyasi zorakılığı həyata keçirmək siyasətinin
durduğunu bildirib və ölkə hakimiyyətini QHT-in fəaliyyətinə qarşı qoyduğu məhdudiyyətləri
aradan qaldırmağa, ölkədə söz mətbuat, sərbəst toplaşma azadlığını təmin etməyə,
siyasi institutların idarə etməkdə paralel iştirakına şərait yaratmağa çağırıb.