Rəqəmsal və məişət texnikası, mebel və tekstil satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkələrindən biri olan “Kontakt Home”un bağlı olduğu “ABC-Telecom” MMC şirkətinə qarşı məhkəmə iddiası qaldırılıb.
Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, iddia ölkənin tanınmış şirkətlərindən biri olan “Cinemazadeh” MMC (VÖEN – 1403588261) tərəfindən qaldırılıb.
Məhkəmə iddiası Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüsalə Baxışovanın icraatına verilib. Məhkəmə iddiasının müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr səbəbi ilə qaldırıldığı bildirilir.
Qeyd edək ki, “Cinemazadeh” MMC “ABC-Telecom” MMC-yə qarşı ötən ilin sentyabr ayında da eyni iddianı qaldırıb və işə Bakı Kommersiya
Məhkəməsinin hakimi Zaur Pirverdiyev tərəfindən baxılıb. Belə görünür ki, Bakı Kommersiya Məhkəməsi “Cinemazadeh” MMC-nin iddiasını təmin etməyib və bu səbəbdən şikayətçi tərəf Bakı Apellyasiya Məhkəməsinə üz tutub.
Məlumat üçün bildirək ki, “Cinemazadeh” MMC 16 noyabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Üzeyir Hacıbəyov, ev 51, m. 20-də yerləşir. MMC-nin qanuni təmsilçisi Axundzadə Cəfər Rafiq oğludur.
Onu da qeyd edək ki, “Cinemazadeh” MMC-yə bağlı olan eyni adlı studiyada filimlər çəkilir və dublyaj olunur. “Cinemazadeh” MMC paytaxtın aparıcı kinoteatrlarına sahib olan “Cinema Plyus” şirkətinin baş direktoru Zaur Darab-zadənin dəstəyi ilə yaradılıb. Daha əvvəl “Cinemazadeh” MMC-yə məxsus olan “cinemazadeh.az” saytının sahibi də Zaur Darab-zadə olub və yalnız ötən il Darab-zadə domein adından imtina edib.
“Kontakt Home” mağazalar şəbəkəsi isə “ABC-Telecom” MMC-yə məxsusdur. “ABC-Telecom” MMC (VÖEN- 1401005061) 2006-cı ildə dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 10 000 manat olan MMC-yə 2020-ci ilə qədər millət vəkili Elnur Allahverdiyev rəhbərlik edib.