100-dən çox komanda növbəti mərhələyə vəsiqə qazandı

2-3 mart tarixlərində "Azercell"in baş sponsorluğu və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə Bakıda keçirilən “Robotex Türkiyə”nin regional yarışları başa çatıb.

Mia.az xəbər verir ki, robot texnologiyaları sahəsində təşkil edilən bu silsilə festival 1500-dən çox iştirakçını öz ətrafında topladı.

Azərbaycan və Türkiyədən qatılan gənc iştirakçılar 2 gün ərzində robot kodlaşdırma və robot hazırlama üzrə layihələrini, eləcə də öz startaplarını təqdim etdilər. Müsabiqədə şagirdlər və tələbələrlə yanaşı, özəl müəssisələri təmsil edən yarışçılar da iştirak etdi. 19 fərqli kateqoriyada yarışan komandalardan 109 komanda qalib seçilərək növbəti mərhələyə vəsiqə qazandı. Qızların robot mühəndisliyi, innovasiya, İKT kimi sahələrə marağını daha da artırmaq məqsədilə müsabiqə çərçivəsində xanımlardan ibarət 3 komandaya xüsusi nominasiya üzrə mükafatlar da təqdim edildi.

Yarışın növbəti mərhələsi 20-21 aprel tarixlərində Türkiyənin Antalya şəhərində baş tutacaq. Müsabiqəyə Azərbaycan və Türkiyə ilə yanaşı, Qazaxıstandan da iştirakçılar qatılacaq. Fərqlənən komandalar Estoniyanın paytaxtı Tallində keçiriləcək beynəlxalq robot çempionatında iştirak etmək hüququ əldə edəcəklər.

“Robotex Türkiyə” ölkəmizdə Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və "Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" İctimai Birliyinin dəstəyilə baş tutdu.

Gənclər arasında innovasiya və yeni texnologiyaların təşviqinə yönələn təşəbbüsləri dəstəkləyən "Azercell" bütün qalibləri təbrik edir, onlara növbəti mərhələdə uğurlar arzulayır!