Leqal qumar və ya adını nə qoyuruqsa, qoyaq fərq etmir. Biriləri Azərbaycanda əlini qolunu sallayaraq qumar oynadacaq və bu qumardan milyonlar qazanacaq, kasıb təbəqə isə son çarə bəxtini qanuni qumarda axtaracaq.

“Azərlotoreya” yəni, qanuni qumarbazlar metro çıxışlarını, universitet kənarlarını hədəf alaraq daha çox bilet satmaq üçün əlindən gələni edir. Bəs bu biletlərdən sizin cek pot udma şansınız bilirsiz neçədi? 0.00002 faiz. Buna görə də qanuni qumarın zərəri faydalarından qat-qat çoxdur. Çünki, riyaziyyat dəqiq elmdir və heç vaxt sizi aldatmaz. 0.00002% ehtimal dalınca qaçmaqdansa, “Azərlotoreya”ya ayırdığınız vəsaiti özünüzə və ya sevdiklərinizə xərcləsəniz, daha gözəl olar. Sizin qanuni qumara xərclədiyiniz vəsaitin toplamı isə milyonlara bərabərdir.

Kommersant.az olaraq “Azərlotoreya” haqqında araşdırma etdik. "Qumar saytı" 2022-ci ilin yekunlarına dair hesabatlarını açıqlamasa da, 2021-ci il hesabatını incələdik, hesabladıq, baş yorduq və nəticədə "baş qumarbaz"ın əldə etdiyi gəliri tapdıq. Absurd rəqəmlərdən söhbət gedir. “Azərlotoreya”nın 2021-ci ildə əldə etdiyi xalis mənfəəti Azərbaycanda fəaliyyət göstərən 25 bankdan heç 12-si 2022-ci ilin sonunda əldə edə bilməyib. Yəni, 12 bankın 2022-ci il göstəriciləri “qumarxananın” 1 il əvvəlki göstəricilərinə görə azdır. Onların ümumi mənfəəti 20 milyon 873 min manat olub ki, bu da əksər bankların göstəricilərinə görə çoxdur. Buna görə də yerli banklarımız leqal qumar işinə investisiya etsələr, bankdan daha çox gəlir əldə etmiş olarlar.

Azərlotoreya Göstəriciləri
Ümumi mənfəət 20.873
Gəlir 43.969
Satışın maya dəyəri 23.096
Əməliyyat mənfəəti 12.226
Reklam və marketinq xərcləri 883
İnzibati xərclər 5.954
Sair əməliyyat xərcləri 1.808
Xalis maliyyə gəlirləri 457
Maliyyə gəlirləri 505
Maliyyə xərcləri 47
Mənfəət vergisindən əvvəlki mənfəət 12.683
Mənfəət vergisi 5.102
Mənfəət və məcmu gəlir 7.581

“Azərlotoreya”nın cəmi aktivləri 31 milyon 873 min manatlıq aktivə sahib olub. Bunun 6 milyon 744 min manatı və ya 21.1%-i uzunmüddətli, 25 milyon 129 min manatı və ya 78.8%-i isə cari aktivlər olub. Qumarxananın aktivlərinə görə faiz gəlirliyi isə 65.5% təşkil edib. Azərbaycan banklarının heç biri bu göstəricini əldə edə bilməz. Çünki 2022-ci ilin sonunda bankların aktivlərindən ən yüksək istifadəsi 5.26% olaraq müəyyən olunub. Hətta 25 bankın toplam göstəricisi 40.3%-i keçə bilməyib.

Azərlotoreya Göstəriciləri
Cəmi aktivlər 31.873
Uzunmüddətli aktivlər 6.744
Əmlak, qurğu və avadanlıq 1.349
İstifadə hüququ formasındakı aktivlər 3.549
Qeyri-maddi aktivlər 1.844
Təxirə salınmış vergi aktivləri -
Cari aktivlər 25.129
Mal-material ehtiyatları 948
Ticari debitor borcları 2.147
Qabaqcadan ödənişlər 119
Pul vəsaitləri və onların ekvivalentləri 21.901
Sair aktivlər 12

Qanuni qumarxananın audit göstəricilərini isə “KPMG Azərbaycan limited” şirkəti hesablayıb. Hansı ki, “KPMG Azərbaycan limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin fəaliyyəti 16.01.17-ci il tarixli ərizəyə əsasən müvəqqəti olaraq dayandırılmışdı.
Bu vəziyyət, bu milyonlar hər kəsi ciddi narahat edir. Hətta millət vəkillərimiz də bununla bağlı ciddi narahatlıqlarını ifadə ediblər.
Millət vəkili Aqil Abbas ““Azərlotoreya”nın fəaliyyəti leqaldır. Amma hər bir işin həddi-hüdudu və qaydaları var axı. Leqaldır deyə hərə bir “taxta oturacaq düzəldərək insanları qumara sövqmü etməlidir? Metroların giriş və çıxışlarında, insanlar çox olan yerlərdə “Azərlotoreya”nın əməkdaşları hərəsi bir stol qoyaraq satışmı etməlidir?”, - deyə açıqlama verib.

Daha sonra isə millət vəkili Tahir Kərimli açıqlamasında “Dövlətin rəsmi şəkildə qumarı leqallaşdırması, adına nə qoyur-qoysun - “Poz, qazan”, nə bilim, lotereya - buna nifrət etdiyini bildirib. Bu, bütün dünyada var. Dövlət belə şeylərdən pul qazanmalı deyil. Hamıya bəllidir ki, “Poz, qazan”, yaxud bu kimi qumar xarakterli lotereyaların satışından təkcə dövlət qazanmır. Bunu satanlar dolaşıq, fırıldaq yolu ilə milyonlar, milyardlar qazanır, ciblərini doldururlar. Yazıq camaat da dolana bilmir, əlinə düşəni verib, lotereya alır ki, bəlkə, bəxti gətirə, nəsə udar”, - deyə bildirib.