“Art-East Media Group” şirkəti daha bir möhtəşəm layihəyə imza atıb.

“Art-East Media Group” şirkətinin Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, 24 fevral tarixində Bakı Musiqi Akademiyasının Opera Studiyasında paytaxt sakinləri və şəhərimizin qonaqlarına “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Dövlət Film Fondu ilə sıx əməkdaşlıq çərçivəsində ərsəyə gəlmiş “Kinokonsert” multimedia şousu təqdim edilib. 

Yüksək bədii zövqlə yeni aranjiman edilmiş milli kinomuzun parlaq nümunələrindən olan "O, olmasın bu olsun", "Evləri köndələn yar", "Qızmar günəş altında" "Baladadaşın ilk məhəbbəti", "Əhməd haradadır", "Bəxt üzüyü", "Papaq", "Ögey ana", "Böyük dayaq", "Dədə Qorqud", "Yuxu", "Şərikli çörək", "Dəli Kür",  "Görüş", "Babək" və s. filmlərin mahnı və saundtreklərini özündə ehtiva edib.

Ellada Mammədovanın dirijorluğu ilə baş tutan multimedia şousunda təqdim olunmuş musiqi nömrələrində solist qismində Respublika və beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü Lalə İbrahimova, respublika müsabiqələri laureatı Hüseyn Əliyev, İlahə Murad, Respublika və beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü Atilla Məmmədov, Respublika və beynəlxalq müsabiqələr laureatı Fəqan Rəhmanoğlu Ələsgərov, Respublika və beynəlxalq müsabiqələr laureatı Sübhan Rüstəmov, Respublika və beynəlxalq müsabiqələr laureatı Cəlal İsayev, eləcə də xormeysteri  Mehin Orucova olan Cövdət Hacıyev adına 3 nömrəli musiqi məktəbinin "Renessans" xoru çıxış etmişlər.

Beləliklə, “Kinokonsert” multimedia şousu qarşısına qoyduğu bütün məqsədlərə nail olmuşdur. Bunu, ən azı əsəri izləyənlər arasında yer alan həm görkəmli sənət adamları, sənət tənqidçiləri, ictmai xadimləri, həm də sıravi tamaşaçı rəyləri təsdiq edir. 

Qeyd etmək lazımdır ki, “Kinokonsert” multimedia şousu hələ çox illər tamaşaçıların xatirində qalacaqdır, çünki o öz forma və məzmununa görə Azərbaycan sənət aləmində cəsarətli bir addım, yenilik və ilkdir. Bununla bərəbar sözü gedən şou sintetik sənətlərdən ibarət olub, daha mükəmməl sənət nümunəsi ortaya qoyaraq, müasir incəsənətimizin qlobal çağırışlara olan cavabı qismnində onun canlanması, dinamikası və təbliğinə böyük bir töhfədir.