Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği işinə dəyərli töhfələr vermiş Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyi qeyd olunacaq.
Miaa.z xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərədə əsasən, Mədəniyyət Nazirliyi Süleyman Ələsgərovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməlidir.
Sərəncamda bildirilib ki, 2024-cü ildə görkəmli Azərbaycan bəstəkarı, tanınmış dirijor və pedaqoq, respublika Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərovun anadan olmasının 100 illiyi tamam olur.
Süleyman Ələsgərov milli mədəni ənənələr zəminində yüksələrək Azərbaycan musiqi mədəniyyəti tarixinə mühüm səhifələr yazmış sənətkarlardandır. Onun janr əlvanlığı və forma aydınlığı ilə seçilən zəngin yaradıcılığı öz mənbəyini xalq musiqisi xəzinəsindən almışdır. Operetta, opera, simfonik muğam və poemaları, süita, kantata, kamera-vokal və instrumental əsərləri, xüsusən də sözlə melodiyanın ahəngdar vəhdətində ərsəyə gətirdiyi və ifaçıların repertuarında geniş yer tutan mahnı və romansları bəstəkara musiqisevərlərin böyük rəğbətini qazandırmışdır. Süleyman Ələsgərov maarifçi və təşkilatçı kimi ölkənin mədəni həyatının müxtəlif sahələrində uğurla çalışmaqla yanaşı, həm də uzunmüddətli pedaqoji fəaliyyəti dövründə gənc musiqiçilər nəslinin yetişməsi istiqamətində təqdirəlayiq xidmətlər göstərmişdir.