Fələstinin xarici işlər naziri Riyad əl-Maliki İsrailini Qəzza zolağında soyqırım həyata keçirməkdə ittiham edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Almaniyanın paytaxtı Berlində alman həmkarı Annalena Baerbok ilə birgə mətbuat konfransında İsrailin hücumlarının son dərəcə təhlükəli olduğunu bildirərək, mülki şəxslərin müdafiəsiz qaldığına diqqəti çəkib.
Nazir qeyd edib ki, Rəfah da digər şəhərlər və düşərgələr kimi məhv təhlükəsi altındadır: "Unutmaq lazım deyil ki, indi Refahda 1,5 milyon fələstinli var. Onlar İsrailin bombardmanından qaçaraq orada hər gün ölümü gözləyirlər. Əgər İsrail qurudan hücum niyyətindədirsə, o zaman mülki insanları necə qoruyacağıq?".
Fələstin XİN başçısı təkrarlayıb ki, hazırda Qəzzada fəlakət hökm sürür: "Qəzza zolağında fələstinlilər güllə və bombalardan, eləcə də aclıqdan və xəstəlikdən ölürlər. Qəzza xəstəlik və fəlakət zonasına çevrilir. Bura təcili beynəlxalq müdaxiləyə ehtiyacı var".
Tahir Şəlvəli
MİA.AZ