Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin vəfatı ilə bağlı məlumatlar yayılıb.
Lakin bu məlumatın yalan olduğu və bu gün 74 yaşlı bəstəkarın İstanbulda əməliyyat olunacağı bildirilib.
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Quliyevin dünyasını dəyişməsi xəbərini təkzib edən və sosial şəbəkə hesabında bu məlumatı paylaşan Əməkdar artist Nailə İslamzadə ilə əlaqə saxlayıb.
N. İslamzadə bildirib ki, C.Quliyevin bir müddətdir ki, səhhəti ağırlaşıb:
“Səhər saatlarında sosial şəbəkədə Cavanşir Quliyevin vəfat etməsi ilə bağlı xəbərləri oxudum. Dərhal Cavanşir bəyin həyat yoldaşı, Azərbaycan Televiziyasında (AzTV) mənimlə illərlə birgə çalışan, həmkarım Ülkər xanımla əlaqə saxladım. O bu xəbərlərin yalan olduğunu və Cavanşir bəyin həkim nəzarətində, xəstəxanada olduğunu bildirdi. Onun sağlamlıq vəziyyəti çox ağırdır.
Ülkər xanım söylədi ki, o, bu gün əməliyyat olunacaq. Cavanşir bəy artıq uzun müddətdir ki, xəstədir. O, Türkiyədən Bakıya gələndə immun sistemində problemlər yaranıb.
Özünü çox pis hiss edib. Həmçinin burada yaş da öz sözünü deyir. Dua edək ki, Cavanşir bəyin əməliyyatı uğurla keçsin və sevənlərinin yanına sağlam qayıtsın”.