O düz 62 ildir fasiləsiz olaraq Azərbaycan Akademik Milli Dram Teatrında çalışır. Azərbaycan tamaşaçısı onu “7 oğul istərəm” filmindəki Şahsuvar, "Göz həkimi" tamaşasında İvanov, "Ordan-burdan" tamaşasında İsmayıl rolları ilə tanıyıb.
İllər kiçik rolların böyük qəhrəmanına çox şey qazandırıb, hörmət, fəxri adlar, mükafatlar. Ömründən günündən çox razıdır. Fevralın 6-da Xalq artisti, Prezident təqaüdçüsü Rafiq Əzimovun 86 yaşı tamam oldu. Yenə gənclik şövqü ilə səhnəyə can atır. Repertuardakı bir neçə tamaşada rolu var.
Mia.az Lent.az-ın Rafiq Əzimovla müsahibəsini təqdim edir:
- Rafiq müəllim, necəsiniz?
- Yaxşıyam. Yəqin xəbəriniz oldu, keçən il Türkiyədə qastrolda olanda ayağım sınmışdı axı. Hələ də tam düzəlməyib. Fizioterapiya alıram. Qalan hər şey çox yaxşıdır. Yada saldığınız üçün təşəkkür edirəm. Demək ki, ömrü boş yerə yaşamamışam. Səhnə mənə çox şey qazandırıb. Həm maddi, həm mənəvi. Dövlət başçısı düz 2 dəfə mənə ev verib. Kiçik rollarla bu qədər nailiyyət qazanmaq hər aktyora nəsib olmur. Ən xırda rolu belə sevdirməyə çalışmışam. Təxminən 30 il öncə “Göz həkimi” teletamaşasında professor İvanov rolundan sonra çox populyarlaşmışdım. Göyçayda qastrolda olanda mağazada bir qoca qadın məni qucaqlayaraq dedi: “Sənə qurban olum, gözlərin açıldı?”. Bunun tamaşa olmasına inanmaq istəmirdi. İnsanlardan bu sevgini yaşamaq gözəl idi.
- 62 ildir “Azdrama”dasınız. Eyni teatrda işləmək yorucu deyildi?
- 1962-ci ildə institutu qurtaran kimi Həsən Məmmədov, Eldəniz Rəsulov və mən teatra gəldik. Həsənlə Eldəniz kinoyla əlaqədar bir neçə dəfə gedib, qayıtsalar da, mən bura bağlı qaldım. Aktyor nə vaxt ki, yoruldu, o vaxt onun üçün səhnə ömrü qurtarır. Mən hələ yorulmamışam.
- Böyük sənətkarlarla çiyin-çiyinə çalışmısınız. Yəqin saysız-hesabsız gözəl xatirələriniz var.
- Həddən çox. Həsən Məmmədovla biz lap gənclik dostuyduq, qocalana qədər davam elədi. Yaşar Nuri ilə isə Prezident verən evdə qonşu idik. Bir gülməli hadisə danışım sizə. Bizim evdə təmir gedirdi. Usta suyu açıq qoyub gedib, Yaşarın təzə təmirdən çıxmış mənzilini su basıb. Onun yoldaşı Rəhimə xanım zəng etdi, yoldaşımla dördüncü mikrorayondan doqquzuncu mikrorayona qədər qaça-qaça getdik. Gecə saat 12-də qapı döyüldü. Gözlükdən baxdım ki, Yaşar dayanıb qapıda, utana-utana açdım. Gördüm əlində “padnos”un içində, meyvə, konyakla qarşımda durub. Ürəyimdə dedim “söyəcək mənə", Yaşar güldü dedi “qorxma, davaya gəlməmişəm, gəl vuraq. Qonşu qonşunun başına su tökmədi, nə ləzzəti?”.
- “Aktyor olacam” deyəndə bu gün yaşadığınız zirvəyə çatacağınızı xəyal eləmişdiniz?
- Kasıbçılıqla yaşayırdıq, çətin günlər idi. Nə zamansa daha gözəl bir ömrümün olacağına ümid edərək gəlmişəm bəlkə də. Atam, anam, bütün nəslim mənə qarşı çıxdı. Pis baxırdılar artistliyə. Atamgil əslən Xorasandan idilər. Bir xatirə danışım. 1947-ci ildə hamı müharibədən qayıtmışdı, atam yox. Onun sağ qayıdacağını bizə falçı xəbər vermişdi. Qonşuluqda noxudla fala baxan bir qadın var idi, anama demişdi ki, bir həftədən sonra sizin evinizdə böyük şadyanalıq olacaq. 1 həftə keçmədi, atam gəldi, anam qapıda dayanmış əsgər geyimli kişini görən kimi ürəyi getdi. (Dalıb gedir) Çətin, amma unudulmaz günlər idi.
- 62 ildən sonra necə düşünürsünüz? Aktyorluq asan, yoxsa çətin sənətdir?
- Bu işdə olmayanlara asan görünən, əslində isə çox çətin peşədir. Oğlum uşaq vaxtı 3 filmdə çəkilib. Lakin sonralar çəkilməsinə mane oldum, aktyor olmasını istəmədim. Hər kəs bu ağır yolu gedə bilməzdi.
Təhlükələri də var. Çəkiliş meydançasında, səhnədə o qədər həyatını itirən, şikəst olan aktyor var. Bir dəfə də mən ölümdən dönmüşəm. “Arxadan zərbə” filmində. Bu filmdə Qurd Cəbrayıl arxadan mənə bıçaq atmalı idi. Bıçağı arxamca atan sirk artisti idi. Hər ikimiz çəkiliş zamanı rejissordan komanda gözləyirdik. Bıçaq atılan zaman rejissor mənə "əyil" deməli idi, amma gec demişdi. Bıçaq saçlarımın arasından keçdi. Bir an məni ölümdən qurtardı, yalnız bir an. Çəkiliş komandası da, mən də çox qorxmuşduq. Amma o həyəcana dəyərdi, yenə olsa, yenə yaşayardım.
- Tamaşaçılar teatrın ən qocaman aktyorunu yeni tamaşalarda görə biləcəklərmi?
- Mütləq. İnşallah tezliklə yeni tamaşalarda rol alacam. Yaşım rəqəmlərdə artıb. Ruhum hələ çox gəncdir.