Norveç Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) yardım göndərib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Norveç Xarici İşlər naziri Espen Barth Eide açıqlama verib.
O bildirib ki, bəzi ölkələrin yardımı dayandırmasına baxmayaraq, ölkəsi İsrailə görə belə addım atmayacaq: "UNRWA Qəzzada humanitar səylərin əsasını təşkil edir. Onun xidmətləri həddindən artıq ehtiyacı olan milyonlarla insan üçün vacibdir".
Xatırladaq ki, BMT-yə üzv dövlətlər tərəfindən könüllü maliyyələşən UNRWA 1950-ci ildə fəaliyyətə başlayıb.
İsrail ötən ay UNRWA əməkdaşlarının oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumuna dəstək verməsi barədə iddiasından sonra Almaniya, İsveçrə, İtaliya, Kanada, Finlandiya, İslandiya, Avstraliya, İngiltərə, Hollandiya, ABŞ, Fransa, Avstriya, Yaponiya və Estoniya UNRWA-ya maliyyə dəstəyini dayandırıb.
Norveç, İrlandiya və İspaniya isə UNRWA-ya dəstəyini davam etdirəcəklərini açıqlayıblar.
Firudin Səfərli
MİA.AZ