BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) qlobal enerji keçidi prosesində Azərbaycanın rolunu nümayiş etdirən platforma olacaq.
Mia.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, bunu nazir Pərviz Şahbazov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşündə bildirib.
Onun sözlərinə görə, Azərbaycan COP29-a sədrliyi dövründə “yaşıl inkişaf”la bağlı kursunun icrasını davam etdirməklə və dekarbonizasiyanı sürətləndirməklə yanaşı, qlobal miqyasda iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfələrini artırmağı hədəfləyir.
Energetika naziri ənənəvi enerji ölkəsi Azərbaycanın bərpa olunan enerjinin istehsalçısı və ixracatçısına transformasiyası istiqamətində həyata keçirilən islahatlar, “yaşıl enerji”dən geniş istifadəni, elektroenergetika sektorunun müasir tendensiyalara uyğun inkişafını, enerji səmərəliliyini təmin edən yeni qanunlar, enerji sisteminə 2027-ci ilədək 2 QVt-dək “yaşıl güclərin inteqrasiyası, həmçinin Xəzərdən Avropaya uzanan “yaşıl enerji dəhlizi”nin reallaşdırılması planları və görülən işlər barədə ətraflı məlumat verib. Ölkəmizin COP28 tədbirində bir sıra qlobal təşəbbüslərə qoşulduğunu qeyd edib.
Görüşdə COP29 ilə bağlı hazırlıq işləri, ölkəmizin bu beynəlxalq tədbirə sədrliyindən irəli gələn məsələlər, eləcə də Azərbaycanın “yaşıl enerji” keçidi üzrə fəaliyyəti müzakirə edilib.
İcraçı katib Saymon Stil COP29 tədbirinin təşkili, həmçinin enerji və ətraf mühit aspektlərində diqqət yetirilməli məsələlərlə bağlı fikirlərini bölüşüb, sıx əməkdaşlıq edilməklə Katibliyin prosesə dəstəyini ifadə edib. Saymon Stil Azərbaycanın bir çox beynəlxalq tədbirlərə ev sahibliyi təcrübəsinin COP29-un da uğurla keçirilməsinə töhfə verəcəyini bildirib.
Söhbət zamanı COP29 tədbirinin enerji istiqaməti üzrə birgə seminarın keçirilməsi razılaşdırılıb.