Sosial şəbəkə vasitəsilə vətəndaşın bank kartından 15 min manat oğurlayaraq ölkədən qaçmağa çalışan şəxs saxlanılıb.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, su polisləri xidməti ərazidə olan bir nəfər vətəndaş şikayət edərək onun kartından onlayn yolla naməlum şəxsin 15 min manat oğurladığını bildirib. Oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü, Gəncə şəhər sakini Vasif Məmmədov ölkəni tərk etmək istəyən zaman hava limanı ərazisində saxlanılıb. Araşdırma zamanı onun sosial şəbəkələrdə səhifələr yaradaraq insanların kart məlumatlarını qanunsuz yollarla əldə etdiyi müəyyən olunub.

Vurğulanıb ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları həmçinin Xəzər dənizinin Sumqayıt şəhəri sahilində xidmət aparan zaman naməlum şəxsin əraziyə atdığı 1 "Kalaşnikov” markalı avtomat, 1 sandıqça və 47 patron aşkar edərək götürüblər.