"İsrail fələstinlilərin öz müqəddəratını təyinetmə hüququna veto qoya bilməz".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell deyib.

O, Brüsseldə keçirilən Aİ - Misir Birgə Komissiyasının iclasından sonra bildirib ki, İsrail "iki dövlətli həll" modelinə dirənməməlidir: "Hər zaman dediyimiz kimi, bu model bölgədə daimi sülhün açarıdır. Buna İsrail də daxil olmaqla heç bir ölkə və ya qurum veto qoya bilməz, bilməyəcək. Fələstinlilərin öz müqəddəratını təyinetmə hüququ var və bu, Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəfələrlə tanınıb".

Misirin xarici işlər naziri Samih Şükri isə deyib ki, ölkəsi Yaxın Şərqdə mühüm aktorlardan biridir: "İsrailin hücumlarına son qoyması üçün beynəlxalq əməkdaşlıq çox vacibdir. Fələstin dövlətinin qurulacağı iki dövlətli həll yolu BMT qətnamələri və beynəlxalq hüquq əsasında həyata keçirilməlidir. Hazırda Qəzzada dağıntı və insan tələfatı pik həddədir. Bu, qəbuledilməz və görünməmiş səviyyədir. İsrail dərhal atəşkəs tələbinə qulaq verməlidir".

Misir XİN başçısı İsrailin fələstinliləri sürgün etmək planına da toxunub və bu "könüllü köç" planlarından narahat olduqlarını ifadə edib.

Borrell sürgün məsələsinə münasibətdə Misir Xİn başçıı ilə eyni fikirdə olduğunu təkrarlayıb.

Lamiyə Əhmədli

MİA.AZ