"Rusiyanın dondurulmuş 300 milyard dolları Ukraynada dağıdılanları bərpa etmək üçün istifadə edilməlidir. Bu aktivlər mövcud olduğu halda, biz niyə Ukraynanı dəstəkləmək üçün başqa mənbə axtarmalıyıq?".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində xarici media nümayəndələri ilə görüşdə deyib.

O, Qərbin yardımı olmasa, ölkəsinin Rusiyaya qarşı müharibədə zəifləyəcəyini və itkilərin artacağını etiraf edib: "Xarici yardım olmasaydı, ciddi problemlərimiz olardı. Sursat çatmır, hava hücumundan müdafiədə zəifik. Misal üçün, biz ballistik raketləri vura bilmərik, bu da ölən və yaralananların sayında, həmçinin dağıntlarda ciddi artım yaradır".

Qərb ölkələrinin hava hücumundan müdafiə sistemləri sayəsində bu qış ölkəsində enerji böhranının yaşanmadığını bildirən Zelenskinin sözlərinə görə, yardım kəsilərsə, bütün dünyanı bürüyəcək böyük böhrana qapı açılacaq: "Bu halda Rusiyanın Ukraynanı ələ keçirmək şansı güclənəcək. Nəticə etibarı ilə Avropanın təhlükəsizliyi sarsılacaq və güman ki, NATO ilə Rusiya arasında birbaşa müharibə başlayacaq".

Zelenski daha sonra Ukrayna müharibəsi başladıqdan sonra Qərbin dondurduğu Rusiya aktivlərindən danışıb: “Niyə Rusiya bu gün müharibənin bədəlini kifayət qədər hiss etmir? Çünki Qərbin Ukrayna ilə bağlı bütün qərarlarında gecikmələr var. Məsələn, Rusiyanın dondurulmuş 300 milyard dollarlıq aktivlər sayəsində biz müharibənin seyrini dəyişə, eyni zamanda, Ukrayadakı dağınıtları xeyli aradan qaldıra bilərik. Baxın, müharibə başlayandan bəri Ukraynaya dəyən ziyan 700 milyard dollara çatıb. Bu rəqəm hələ işğal olunmuş ərazilərimizdəki vəziyyəti əhatə etmir. Təkrar edirəm, Rusiyanın dondurulmuş 300 milyard dolları Ukraynanın bərpasına sərf edilməlidir. Bu aktivlər ortada olduğu halda, biz niyə dəstək üçün başqa mənbə axtarmalıyıq?!".

Samir Musayev

MİA.AZ