"Ukrayna ordusunun uğursuzluğu davam etdikcə, onların bir dövlət olaraq alacaqları ciddi zərbələr artacaq".
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin paytaxt Moskvada bələdiyyə başçıları ilə görüşündə deyib.
O, Rusiya-Ukrayna müharibəsi ilə bağlı söz açaraq bildirib ki, Ukrayna ordusunun Rusiya hərbi qüvvələrinə qarşı əks-hücumu tamamilə iflasa uğrayıb: "Bu əsk hücumlar uğursuz oldu. Nəinki uğursuz, hətta bütün sahələrdə təşəbbüs Rusiya Silahlı Qüvvələrinin tam əlinə keçdi. Belə davam edərsə, dediyim kimi, Ukraynanın zərərləri daha da artacaq" çox ciddi zərbədir”.
Rusiyanın Ukraynada ilhaq elədiyi torpaqlardan imtina etməsinin mümkün olmadığını bildirən Putinin sözlərinə görə, bunu Qərb liderləri də əla bilir: "Hər kəs bunun mümkün olmadığını başa düşür. Ukrayna rəhbərliyi və Qərb elitası da bunu başa düşür. Qərbdə hazırda danışılan sülh formulu isə Rusiyasız qəti uöğur qazana bilməz. Əksinə, bu, danışıqlar prosesini daha da çıxılmaz yola salacaq".
Rusiya ilə Ukrayna arasında müharibənin ilk aylarında danışıqlar aparıldığını xatırladan Putin qeyd edib ki, Ukrayna ilk əvvəl anlaşmaya yaxın olsa da, sonradan vaz keçib: "Biz İstanbulda hər şeyi razılaşdırdıq. Üstəlik, Ukrayna danışıqlar qrupunun rəhbəri də bir sənəd imzaladı. Bizdə bu sənəd var. Ancaq onlar İngiltərənin o vaxtkı baş naziri Boris Consonun israrı ilə həmin sənədi zibilliyə atdılar. Bunlar axmaq deyilmi?!
Baxın, İstanbuldakı anlaşma zamanı Rusiyadan xahiş etdilər ki, məsələləri sülh yolu ilə həll etmək üçün qoşunları Kiyevdən çıxaraq. Biz qoşunları bir gün sonra çıxardıq. Sonra bütün bu razılaşmaları dediyim kimi zibilə atdılar. Əgər razı olsaydılar, 1,5 il əvvəl böhran həll olunacaqdı. Lakin ukraynalılar müstəqil deyil. Ukraynada müharibə əslində 2022-ci ildə deyil, 2008-ci ildə başlayıb. NATO-nun qapılarını Ukrayna və Gürcüstana açan vaxtı..."
Putin Ukraynada xüsusi hərbi əməliyyatı davam etdirərək, ölkəsinin maraqlarını qoruyacaqlarını bəyan edib: "Ukrayna ordusu Rusiyanın Belqorod şəhərinə mülki yaşayış məntəqələrinə hücuma cəhd edir. Onlar nəsə bacardıqlarını göstərməyə çalışır. Lakin bununla problemləri həll etmək əvəzinə, barbarcasına hərəkət edirlər. Əlbəttə, bunlar cavabsız qalmayacaq".
Lamiyə Əhmədli
MİA.AZ