“Mənim Səsim” Seçki-Monitorinq Koalisiyası fevralın 7-də ölkə üzrə seçki dairələrinin yarısından çoxunda seçki prosesini müşahidə edəcək. Artıq bu məqsədlə 500 nəfər müşahidəçi seçilib və onlar regionlar üzrə 63-dən çox dairənin məntəqələri üzrə bölünüb və təlimatlandırılıb”.

Mia.az xəbər verir ki, bu, “Mənim Səsim” Seçki-Monitorinq Koalisiyasının bəyanatında bildirilib.

Qeyd olunub ki, koalisiya Naxçıvan Muxtar Respublikasının seçki dairələrində də seçki prosesini izləyəcək.

Bəyanatda deyilir ki, seçilən müşahidəçilər seçki təcrübəsi olan professionallardır. Artıq onların siyahısı Mərkəzi Seçki Komissiyasına təqdim olunub.

İşçi Qrupun yaxın günlərdə Azərbaycanda fəaliyyət göstərən və 7 fevral seçkisində müşahidə missiyasını həyata keçirəcək beynəlxalq qurumlarla görüşləri planlaşdırılır.

“Mənim Səsim” Seçki-Monitorinq Mərkəzinin İşçi Qrupunun üzvləri Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi İB-nin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İB-nin sədri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin sədri Səadət Bənənyarlı, professor Əhməd Qəşəmoğlu, fəlsəfə elmləri namizədi Adəm İsmayıldır.

Koalisiya 2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərinin monitorinqini həyata keçirmək məqsədi ilə yaradılıb.

Koalisiya seçki prosesi başa çatdıqdan sonra monitorinqin nəticələri üzrə yekun hesabat hazırlayacaq.