"Azərbaycan tərəfi təəssüf edir ki, Avropa Şurasının insan hüquqları üzrə komissarının Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımından sağ çıxan şəxslərlə, o cümlədən müasir Ermənistanda öz yurd-yuvalarından qovulmuş Qərbi Azərbaycan İcmasının üzvləri ilə keçirdiyi görüşlər hesabatda öz əksini tapmayıb".
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Şurasının insan hüquqları üzrə komissarının 16-23 oktyabr 2023-cü il tarixlərində Ermənistan və Azərbaycana səfəri ilə bağlı hesabatına şərhində deyilir.
Bildirilib ki, bu, komissarın səfərinin dəqiq təsvirini, habelə hesabatın əhatə etmək məqsədi daşıdığı insan hüquqları, o cümlədən geri qayıtmaq hüququ məsələlərinə daha əhatəli yanaşmanı təmin edərdi: “Bu, uzun sürən münaqişə nəticəsində ölkə daxilində və ya sərhəd aşmasından asılı olmayaraq köçkün düşmüş bütün şəxslərin öz evlərinə və ya daimi yaşayış yerlərinə qayıtmaq hüququ olduğu barədə fikirlərin komissarın müşahidələrində qeyd edildiyi nəzərə alınaraq xüsusi əhəmiyyət kəsb edir”.