Azər Məmmədov (ad şərtidir) IT sahəsində çalışır. Deyir, illərdir rəsmi iş yerindən əlavə, müstəqil işlər də götürüb. Bunun üçün VÖEN açdırıb, vergi, məcburi dövlət sosial sığortası, tibbi sığorta haqqı ödəyib. Lakin artıq onun üçün bu səhifə bağlanıb. Ən azı Azərbaycanda…

Ötən ilin sonu Vergi Məcəlləsinə dəyişiklik edilib. Bununla hökumət mikro sahibkarların ödədiyi gəlir vergisini dörd dəfə – 5 faizdən 20 faizə qaldırıb.

Hökumət rəsmiləri bildirirlər ki, illərlə mikro sahibkarlara vergidə güzəşt edilib. Qanunvericiliyə uyğun gəlir və xərclərin uçotunu aparan fərdi sahibkarların gəlirinin 75 faizinə vergi güzəşti tətbiq olunub.

Əslində ləğv edilən həmin güzəştdir və vəziyyət illər öncəki güzəştsiz hala qayıdıb.

Azər Məmmədov deyir ki, əlavə işlərini müqavilə əsasında görüb. İndiyədək əldə etdiyi gəlirin 5 faizi vergiyə, təxminən 8-9 faizi isə digər ödənişlərə gedib:

“Beş faiz vergidən savayı, aylıq 69 manat məcburi dövlət sosial sığortasına, 13.80 isə icbari tibbi sığorta üçün ödəniş edirdim. Bir də müəyyən faiz banka xərcim çıxırdı”.

Belə olan halda, qazandığı hər min manatın 850-870 manatı Azərin özünə qalıb. Deyir, indiki halda hər min manat gəlirin 717 manatı özünə qalacaq. Arada nə az, nə çox düz 152 manat fərq var. İldə 1825 manat edir.

Deməsinə görə, bu şəkildə çalışmaq ona sərf etmir. Ya əlavə işləri təxirə salacaq, ya da Gürcüstanın xarici vətəndaşlar üçün vergi güzəşti siyasətindən istifadə edəcək.

Gürcüstan hökuməti illərdir aşağı vergi dərəcələri tətbiqi ilə xariciləri ölkəsinə cəlb edir. Bir növ “çox pul qazan, az vergi ödə, pul yığ”, – təklifi də demək olar.

Ölkə digər dövlətlərlə ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı 57 müqavilə imzalayıb. Bununla xarici mənbələrdən əldə olunan vəsaitdən gəlir vergisi tutmurlar.

Güzəştlərdən istifadə etmək üçün Gürcüstanın vergi rezidenti olmaq lazımdır. Bu status həmçinin Gürcüstanda işləməyə, biznes qurmağa da imkan verir. Hətta son on iki ayın gəlir dövriyyəsi 50 min laridən (31 min 700 manat) çox olanlar oturum üçün müraciət hüququ qazanır.

Gələk verginin məbləğinə, fərdi sahibkar kimi qeydiyyata düşən hər ay əldə etdiyi gəlirin 1 faizini dövlətə ödəməlidir. Yəni qazanılan hər 1000 manatın 10 manatını.

Xarici ölkə vətəndaşı Gürcüstanda vergi ödəyicisi olmaq üçün son 12 ayın azı 183 gününü bu ölkədə keçirməlidir. Belə olan halda, o, Gürcüstan Vergi Məcəlləsinin 34-cü maddəsinə uyğun olaraq bir illik vergi rezidenti olur.

Daha sonrası üçün Gürcüstanda yaşamaq vacib deyil. Bu ölkədə ünvanının olması kifayətdir. Öz evin olması da önəmli deyil. Evi olan birinin ünvanını göstərmək də mümkündür, təbii ev sahibinin izni ilə.

Gürcüstanda mikrobiznes statusuna malik fərdi sahibkarlar vergidən azaddır. Kiçik biznes statuslu fərdi sahibkarlar isə cəmi 1 faiz vergi ödəyir.

Azər Məmmədov deyir ki, o, tək deyil. Verginin artması onun tanıdığı əksər İT sahəsində çalışanları, qrafik dizaynerləri, bir sözlə, VÖEN-lə iş görənləri bu güzəştlərdən istifadə etməyi düşünməyə sövq edib:

“Sadəcə məlumat azdır. Hamı bilir ki, Gürcüstanda vergi aşağıdır, amma bunu necə etmək lazımdır, şərtlər nədir, bilmirlər. Məncə, yoxlamağa dəyər, alınmasa, gəl yüksək vergini ver, yıxıl öl. Amma ən azı xilas olmaq üçün cəhd etmək lazımdır…”.

İT sahəsində çalışanlar – proqramçıdan, dizaynerədək, həmçinin jurnalist, fotoqraf, kuryer, dərzi, repetitor, konditer və s. hamı mikro sahibkar sayılır.

Dövlət Statistika Komitəsinin ən son, 2023-cü il oktyabrın 1-də açıqladığı məlumata görə, ölkədə 162 min 953 nəfər fərdi sahibkar olub.

Bu rəqəmin 2020-ci ildə 240 min 108 olduğu açıqlanmışdı. Bu, üç il ərzində 77 min 155 mikro-sahibkarlıq subyektinin fəaliyyətini dayandırması deməkdir/Meydan.tv