"ABŞ ukraynalıların həyatı bahasına dünya lideri olmaq məqsədinə çatmağa çalışır".
Mia.az Rusiya mediasına istinadla xəbər verir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu hərbçilərlə görüşdə deyib.
Rusiya hərbi birləşmələrinin Ukrayna ordusunun döyüş potensialını azaltdığını vurğulayan Şoyqu bildirib ki, ötən il Ukraynanın itkiləri 215 min nəfəri ötüb: "Hazırda Rusiya ordusu bütün cəbhə xətti boyunca strateji təşəbbüsü qoruyub saxlayır".
ABŞ-ın Ukrayna ilə bağlı siyasətini dəyərləndirən Şoyqunun sözlərinə görə, Amerika Ukrayna birləşmələrinin şəxsi heyətinin tükənməsinə və döyüş meydanında nəticə əldə edə bilməməsinə baxmayaraq, ukraynalıların həyatı bahasına dünyada lider olmağa can atır: "Kiyev administrasiyası Qərb ölkələrini təşviqi ilə əsgərlərini ölməyə məcbur edir. Onlar hazırda şəxsi heyəti yenidən toparlamağa çalışırlar. Ancaq bu, vəziyyəti dəyişməyəcək, yalnız münaqişəni uzadacaq".
Nazir bəyan edib ki, Rusiya xüsusi hərbi əməliyyatın məqsədinə çatana qədər döyüşəcək.
Rusiyanın nüvə triadasının döyüş hazırlığının ən yüksək səviyyədə saxlanması baxımından əhəmiyyətini vurğulayan Şoyqu deyib ki, Rusiya ordusu və donanması müasir silahlarla təchiz olunur: "Bu prosesi davam etdirəcəyik".
Lamiyə Əhmədli
MİA.AZ