Uzun müddətdir xərçənglə mübarizə aparan məşhur sənətçi Yüksel Uzel 74 yaşında dünyasını dəyişib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində yaşayan məşhur sənətçinin cənazəsi İstanbulda dəfn olunmaq üçün Türkiyəyə gətiriləcək.
Məlumatda qeyd olunur ki, türk klassik musiqisinin ustadlarından sayılan Yüksel Uzel Cənubi Afrikada müalicə aldığı xəstəxanada vəfat edib.
Yüksel Üzelin qızı Arzu Üzel anasının ölümü ilə bağlı bunları deyib: "Anam bu gün səhər tezdən Allahın hüzuruna getdi. Sabah axşam (bazar ertəsi) İstanbula yola düşəcəyik. Çərşənbə axşamı günorta namazından sonra cənazə namazını planlaşdırırıq..."
Xatırladaq ki, 1950-ci il təvəllüdlü və əsl adı Yüksel Katmer olan məşhur sənətçi Rizədəndir. Səhnə adı olaraq "Yüksel Üzel"i seçən məşhur klassik musiqi sənətçisi 1978-ci ildə ilk dəfə "Büyük Maksim Qazinosu"da çıxış edərək şöhrət qazanıb.
Uzel 1983-cü ildə ilk albomunu çıxarıb.
1997-ci ildə keçirdiyi beyin qanaması səbəbindən uzun müddət müalicə alan Yüksel Uzel sağaldıqdan sonra səhnəni tərk edərək Yohannesburqda yerləşib. Bu şəhərdə aldığı butik oteli idarə edən Uzel pandemiya dövründə Türkiyəyə tez-tez gəlirdi. Yohannesburqda tanış olub eşq yaşadığı iş adamı İhsan Börekçioğlu ilə ailə quran Uzelin Arzu adlı qızı da olub. Cütlük 2008-ci ildə ayrılıb.
Bununla belə, Yüksel Uzel çox sevdiyi Cənubi Afrikada yaşamağa davam edib. Ustad sənətçi ötən il verdiyi müsahibədə "Ölkəni və onun ab-havasını sevdiyim üçün burada qaldım. İstirahət üçün mükəmməl yerdir" demişdi.
Ləman
MİA.AZ