"Ötən gün 6-7 saat ərzində ölkənin ən böyük prosessinq mərkəzinin işləməməsi xeyli düşündürücüdür".
Mia.az xəbər verir ki, bu sözləri texnologiyalar üzrə ekspert Osman Gündüz ötən gün “Azərikard”a bağlı olan bank kartları bloklanması barədə sosial media hesabındakı paylaşımında yazıb.
O bildirib ki, Azərbaycan Beynəlxalq Bankı (ABB) öz törəmə şirkətində baş verənləri ciddi araşdırmalıdır: "Görəsən bu nəhəng strateji əhəmiyyət kəsb edən ödəniş sisteminə kiber hücum olub, yoxsa texniki xəta baş verib, yaxud da insan amili rol oynayıb ? Nə üçün sistemi uzun müddət bərpa etmək mümkün olmayıb? Bərpa prosesində data itkisi olubmu, müştərilərin fərdi məlumatları ələ keçirilibmi? Quruma İT xidmət göstərən şirkətlər müqavilə öhdəliklərini yerinə yetiriblərmi? ABB ölkənin ən böyük və peşəkar İT komandasına sahib olan qurumlarından biridir. Odur ki, ABB-nin əlaqəli qurumlarla, XRİTDX ilə birgə Azəricard-da ciddi kiber təhlükəsizlik tədbirləri görməsi, İT audit təşkil etməsi, cavabdehləri məsuliyyətə cəlb etməsi də faydalı olardı.
Digər tərəfdən isə maraqlıdır ki, "Azəricard"ın məlumat bazaları görəsən nə üçün AzİnTelecom Data Mərkəzinə miqrasiya edilməyib. Ümid edirəm ABB baş verənlərlə bağlı ağlabatan bir açıqlama verəcək".
Qeyd edək ki, “Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda “Azərikard” MMC Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 16 banka prosessinq xidməti göstərir.
Samir
mia.az