Azərbaycanda siyasi hakimiyyət islahatlar yolu tutub və qarşıdan gələn Prezident seçkilərindən sonar bu prosesin sürətlənəcəyi gözlənilir. Bu gün bunu görməmək və hiss etməmək mümkün deyil. Hələlik bu islahatlar kadrların dəyişilməsi, köhnələrin getməsi, yenilərin - gənclərin gəlməsi ilə müşayət olunur. Təbii ki, gələnlər peşəkar, gözütox və vətənsevər olsalar, müsbət təcrübəni, yeni texnologiyaları Azərbaycana gətirsələr, bacarıqla tətbiq etsələr, biz tezliklə yeniliklərin, müsbət dəyişiklərin şahidi olacağıq. 

Bütün bu yeniliklərdən ümidlənərək, yeni dəyişikliklər ərəfəsində məni narahat edən bəzi məsələləri oxucularla bölüşmək, öz təkliflərimi vermək istəyirəm. Bir az cavan vaxtlarımda mən bu cür məsələləri mütəmadi olaraq mətbuata çıxarırdım, düşünürdüm ki, kimsə oxuyar, bəlkə tədbir görər. Amma gec də olsa başa düşdüm ki, bizdə heç kim heç kimin kitabını oxumur, oxuyanı da yazının dadı yox, yazanın adı maraqlandırır. Yəni ki, mən milli maraq kəsb edən böyük bir problem qaldırsam da, heç kim ona əhəmiyyət verməyəcək. Amma sıradan olan bir deputat yeraltı keçiddə qarğıdalı satıb millətə ziyan vuran uşağı qovmağı tələb edərsə, “millətin qeyrətin çəkən şəxslər” dərhal ora yüyürəcək, uşağı “Linç” edəcək...

Məsələ ondadır ki, mən gənc yaşlarımdan yaxşı maşın azarkeşiyəm. Yox, mən maşın allmağın və satmağın azarkeşi deyiləm - buna nə həvəsim, nə də imkanım var. Mən maşın bazarlarını internetdə izləyirəm, Almaniyanın, Amerikanın, Yaponiyanın, Rusiyanın, Gürcüstanın, hətta İranın və Ermənistanın maşın bazarlarına girirəm, baxıram. Hansı maşın harda neçəyədir, hansı maşın dəbdədir, daha çox alınan hansıdır, ən ucuz, ən baha maşın bazarı hardadır və s.  Məsələn, kovidə qədər postsovet məkanında ən çov dəbdə olan  krossover BMW X5, sedan isə Toyota Gamry idi. Məlum olduğu kimi, son vaxtlara qədər Qafqazın, az qala bütün postsovet məkanının ən ucuz maşın bazarları Gürcüstanda (Batumidə Avtobazar və Rustavidə Avtopapa) yerləşirdi. Bunun səbəblər çox idi: Avropadan Gürcüstana dəniz yolunun olması, Gürcüstanda monopoliyanın aradan qaldırılması, gömrük rüsumlarının formal olması və s... 

Qeyd etmək lazımdır ki, maşın bazarının yaxın olması Azərbaycanda da bir çoxlarının işinə yarayırdı. Məlum maşın dilerləri hətta 100 faizə işləyirdilər. Məsələn, 10 ilin X5-ni Rustavidə 10 min dollara alır, Bakıda 30 minə (10 min də gömrük rüsumuna gedirdi) satırdılar. Qiymətlərin Bakıda bu qədər baha olması sərt monopoliyanın, yüksək gömrük rüsumlarının olmasından və dolların ucuzluğundan irəli gəlirdi. Amma 2014-cü ildə Azərbaycanda dolların iki dəfə bahalaşması ilə bu bazar bağlandı. Eyni zamanda, Gürcüstan avtomobil bazarları da öz cazibəsini itirməyə başladı. Məsələ ondadır ki, gürcü avtomobil dilerləri bütün dünyada ad çıxarmış dələduzlardır. Bunlardan nəinki maşın, hətta təkər də almaq olmaz. Təsəvvür edin ki, gürcülər Avropada çıxdaş olunaraq ikiyə bölünən, Amerikada aylarla su altında qalan (qasırğalar zamanı) avtomobilləri su qiymətinə Gürcüstana gətirir, kosmetik təmir edir və od qiymətinə azəri qardaşlarına satırlar...

Və nəhayət keçək mətləbə, məni narahat edən məsələyə. Gürcüstan bazarlarının öz əhəmiyyətini itirməyi fonunda Ermənistanın avtomobil bazarları bütün postsovet məkanında populyarlaşmaqdadır. Sadəcə olaraq, kovid dövründə müvəqqəti fasilə yaranmışdı. Artıq Rusiyanın maşın dilerləri avtomobilləri Gürcüstandan yox, Ermənistandan gətirməyə üstünlük verirlər. Qeyd etmək lazımdır ki, Moskva - Yerevan təyyarə biletinin qiyməti, hətta Moskva - Tiflisdən də ucuzdur, otellər və motellər də çox sərfəlidir. Erməni avtomobil dilerləri də gürcülərdən fərqli olaraq, daha düzgün adamlardır (yeri gəlmişkən, məhz bu səbəbdən bizim Rusiyadakı soydaşlar gürcülərlə işləmirlər, ermənilərə üstünlük verirlər). Təsəvvür edin, Moskvadan Yerevana gələn rus diller cəmi 200 dollar (yol pulu, yer pulu, gömrük pulu və s.) xərcləyərək Yerevandan avtomobili Rusiyaya gətirir, burda da 200 dollar xərc çəkərək, gömrükdən keçirir. Bizdə iisə yalnız gömrükdən keçirmək üçün maşının qiyməti qədər rəsmi və qeyri-rəsmi rüsum tələb olunur. 

Beləliklə, biz bilərəkdən, ya bilməyərəkdən, Ermənistanın Rusiyanın yeni maşın bazarına çevrilməsinə imkan yaradırıq. Bu isə ildə 10 milyonlarla, gələcəkdə 100 milyonlarla valyuta deməkdir. Mən Yerevanın maşın bazarına İran və Orta Asiya avtomobil dilerlərinin üz tutaçağçını da istisna etmirəm. Axı, ticarət su kimi bir şeydir, harda çökək (oxu: ucuz qiymət) varsa, ora axır. Məni narahat edən də budur: həmin avtomobil bazarını Azərbaycanda yaratmaq olmazdımı?! Axı, Ermənistandan fərqli olaraq, Azərbaycandan  Rusiyaya  birbaşa çıxış var.  Azərbaycandan Qazaxıstana və Orta Asiyaya da çıxış var, biz o boyda xərc çəkmişik, Ələt Beynəlxalq dəniz limanını tikmişik…  

Hazırda Azərbaycanda Qafqazın maşın bazarının yaradılması üçün bütün infrastruktur imkanları var. Amma bizim təyyarə, otel qiymətlərilə, bizim gömrük rüsumları ilə Azərbaycana kim gələr, kim burdan avtomobil almaq, aparmaq istəyər?! Üstəlik Azərbaycandan çıxan, girən, turist gətirən quru yollar da bağlıdır. Məhz bu səbəblərdəndir ki, 2023-cü ildə Ermənistana Azərbaycanda 2 dəfə çox – 3.6 milyon turist gəlib. Gürcüstanda isə bu rəqəm Ermənistandan da 2 dəfə çoxdur. Təsəvvür edirsinizmi, Azərbaycanda 2 dəfə kiçik və 10 dəfə kasıb ölkələrdə?! 

Düşünürəm ki, Azərbaycanda gözlənilən islahatlar dalğası bu sahələri də əhatə etməlidir. Azərbaycanda ilk növbədə quru yollar açılmalı, təyyarə biletləri, otel, motel qiymətləri aşağı salınmalı, gömrük rüsumları azaldılmalıdır. Əks halda, 100 milyonlarla valyuta bizim razılığımızla düşmənin cibinə axacaq...

Qalib ARİF

MİA.AZ