Türkiyə Xarici işlər naziri Hakan Fidan bu gün İstanbulda ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə iki ölkə arasındakı əlaqələr hərtərəfli müzakirə olunub.
Nazir Fidan həmsöhbətinə Türkiyənin F-16 satınalma prosesinin yekunlaşmasını gözlədiklərini bildirib.
O, İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı yekun qərarın isə Türkiyə Böyük Millət Məclisinə aid olduğunu xüsusi vurğulayıb.
İki nazir Qəzzada davam edən dramatik vəziyyəti də dəyərləndiriblər.
İsrailin artan hücumlarının bütün bölgə üçün təhdid olduğuna diqqət çəkən nazir Fidanın sözlərinə görə, bölgədə dərhal atəşkəs elan edilməlidir: "Paralel olaraq Qəzzaya fasiləsiz humanitar yardımların çatdırılması mühüm əhəmiyyət kəsib edir. Eyni zamanda, tərəflər iki dövlətli həll modeli ilə bağlı danışıqlara ən qısa zamanda başlamalıdılar".
Türkiyənin Qara dənizdə gərginlik istəmədiyini qeyd edən deyən nazir Hakan Fidan Rusiya və Ukraynada istehsal olunan ərzaq məhsullarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması istiqamətində Türkiyənin səylərinə də toxunub.
Görüş zamanı Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar, Suriya və İraq kimi regional məsələlər də müzakirə olunub.
Blinken 2 saat sürən bu görüşdən sonra Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.
İstanbuldakı Vahdettin Köşkündə keçirilən qəbul mətbuata qapalı olub.
Qəbulda xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın, prezidentin baş müşaviri Akif Çağatay Kılıç və ABŞ-ın Ankaradakı səfiri Cefri Fleyk də iştirak edib.
Lamiyyə Əhmədli
Mia.az