"Bu gün Nikolayev hərbi administrasiyasının rəhbəri Kaşuba Maksim Valeryeviç vilayət üzrə Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş və humanitar cəbhədə aktivlik göstərən soydaşlarımızı - azərbaycanlıları təltif edib".
Bu sözləri Ukraynanın Odessa şəhərində yaşayan azərbaycanlı jurnalist, diaspor fəalı Anar Natiqoğlu Mia.az-a açıqlamasında deyib.
O, qeyd edib ki, onu tədbirə Nikolayev azərbaycanlıları diasporunun rəhbəri Zaur Ağabəyov dəvət edib: "Rəsmi hissədən sonra isə döyüşçülərimizin şərəfinə əslən Masallıdan olan Rizvan Kərimovun "Kaspi" kafesində banket təşkil olundu. Xatırladım ki, savaşın ilk günlərindən, Nikolayeviç dirəniş göstərdiyi zaman bu obyekt ön cəbhəyə hər gün isti yemək tədarükü edirdi. Zaur Agabəyovun verdiyi məlumata görə, hazırda vilayət üzrə daha 14 döyüşçü ön cəbhədə savaşır. 3 azərbaycanlı döyüşçü yaralıdır, müalicə alır".
Anar Natiqoğlu bildirib ki, təltif olunan azərbaycanlı döyüşçülər aşağıdakılardır: "Cavid Şirinov, Elman Şirinov, Əvəz İsmayılov, Barat Hacıyev, Ruslan Nağıyev, Ruslan Rəhimov, Samirə Moroz, Ramiz Kərimovdur. Onlarla yanaşı, humanitar cəbhədə könüllülük fəaliyətinə görə Zaur Ağabəyovla Emil Babayev də təltif olunublar".
Tahir Şəlvəli
MİA.AZ