"Bu gün Odessada möhtəşəm tədbirimiz vardı. Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda savaşan Azərbaycan oğullarını "Birlik" Odessa diaspora təşkilatı olaraq "Azərbaycan evi"nə dəvət etmişdik. Eləcə də onların ukraynalı döyüş dostları da gəlmişdi. Tədbiri həm Azərbaycan, həm Ukraynanın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladıq".
Bu məlumatı Mia.az-a Ukraynanın Odessa şəhərində yaşayan azərbaycanlı jurnalist, diaspor fəalı Anar Natiqoğlu verib.
Onun sözlərinə görə, hər iki dövlətin - Ukrayna və azərbaycan himni səsləndikdən sonra tədbir iştirakçıları ürək sözlərini söyləyiblər:
"Demək olar ki bütün çıxışlar Azərbaycan-Ukrayna dostluğu və qələbəyə böyük ümidlər üzərində köklənmisdi. Ukraynada başımızı uca edən qəhrəmanlara "Birlik" Odessa azərbaycanlıları təşkilatı adından təşəkkürnamələr təqdim edərkən duyğulu anlar yaşadıq.
Qeyd edək ki, tədbirə Çernomorsk şəhərindən bu yaxınlarda şəhid oğlu Vasifi torpağa verən lənkəranlı İbrət kişi də qatılmışdı.
Xatırladım ki, İbrət dayı da Donetsk cəbhəsində oğlu ilə savaşıb. Eyni şəhərdə yaşayan, iki oğlu döyüşlərdə olan şamaxılı Şahbaz kişi də dəvətimizi yerə salmamışdı. Ağsaqqal qazı Həmid, Zaur, Məhəmməd, Şəhriyar, Bahəddin, Ağarəhim, Əli gəlişləri ilə bizi şad etdilər. Döyüşçülərimizə təşkilatımız adından təşəkkürnaməmizi təqdim etdik".
Anar Natiqoğlu bildirib ki, tədbirə qatılmaq üçün döyüş növbəsindən fürsət tapa bilməyən döyüşçü soydaşlarımızın təşəkkürnaməsi sonra təqdim olunacaq: "Tədbir bitdikdən sonra qəhrəmanları yeni il və dünya azərbaycanlıları həmrəylik günü münasibəti ilə Azərbaycan mətbəxinə qonaq etdik. Yaşasın Azərbaycan - Ukrayna dostluğu!".
Samir Musayev
MİA.AZ