Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Müsavat TV”nin canlı efirində səsləndirdiyi deputatların maaşlarının ay sonuna qədər çatmaması, əksəriyyətinin kredit borcu olması barədə fikirlərinin müzakirə yaratmasına aydınlıq gətirib.

Mia.az xəbər verir ki, S.Novruzov Pravda.az-a açıqlamasında belə deyib:

“Fikirlərimi canlı efirdə açıq şəkildə bildirdim ki, bizim əməkhaqqımız hansı formada həll olunur. Yəni aldığımız əməkhaqqı tək bizim deyil. Hamıya kömək edirik, kömək əlimizi uzadırıq. Dərmanı olmayana dərman alırıq, çörəyi olmayana çörək, inəyi olmayana inək, samanı olmayana saman alırıq. Deputatların əksəriyyəti bu vəziyyətdədir. Çünki deputat seçicisi ilə görüşür, onun problemlərini həll edir. Demirəm ki, maaş çatmır. Mən açıqlamamda dedim ki, bizim 40 min seçicimiz var. 40 min seçicinin bir hissəsinin müəyyən problemləri olur. Müalicə, təhsil haqqı... Məsələn, övladı ödənişli əsaslarla təhsil alan valideyn gəlir ki, təhsil haqqını ödəməkdə kömək et. Bir il verirsən, iki il verirsən... Və bu, bir nəfər deyil, başa düşün. Bəlkə də, bu cür problemi olan insanların sayı 200-300-ə gəlib çatır. 40 minin içində 300-ə yaxın adama yardım göstərirsən. Hər ay! 6-7 nəfərə yardım edirsən, baxırsan ki, xırda bir şeydir, elə də böyük deyil, amma ayın axırına gətirib çatdırın. Biz bunu deyirik. İkincisi, bizim maaşımızı soruşurlar, gedin, başqalarının da maaşlarını soruşun də. Gedin başqalarına da sual verin ki, nə qədər əməkhaqqı alırsan, bununla yaşaya bilirsən, ya yox? İnsanlarla ən çox ünsiyyətdə olan Milli Məclisin deputatlarıdır. Mən də heç kimdən qorxan, çəkinən adam deyiləm. Düz sözümü həmişə düz demişəm. Deputat vətəndaşın problemini ərizə ilə, müraciətlə həll edir, rayonun problemini də həll edir, eyni zamanda şəxsi problemləri də. Elə hesab etməyin ki, biz insanlardan kənardayıq. Xeyr, biz insanların içərisindəyik. Həmişə deputatların maaşını müzakirə edirlər, çünki əlləri çatan ancaq bunlardır, başqalarına əlləri çatmır. Onlardan soruşa bilmirlər, sual verə bilmirlər, onları müzakirə edə bilmirlər, ya da onların cibindədirlər! Biz xalqa xidmət edirik, xalqın xidmətindəyik”.

MİA.AZ