AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşları, böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri və aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı ilə Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının rəhbəri, mütəfəkkir və siyasətçi Şeyx Məhəmməd Xiyabani haqqında söhbət etdik.

Fuad Babayev: Düşünürəm ki, orta statistik azərbaycanlının Şeyx Məhəmməd Xiyabani barədə bilikləri yetəri qədər deyil. Vaxtilə sovet dönəmində Pənahi Makulunun (1900-1971; azərbaycanlı yazıçı – red.) kütləvi tirajla “Xiyabani” və “Səttarxan” romanları çap olunmuşdu. Yeri gəlmişkən, You Tube-da “Belə-belə işlər” adlı kanalda Xiyabani haqqında geniş, təqribən 8 dəqiqəlik video-material var. 

Həsən müəllim, doğrudanmı orta statistik azərbaycanlının Xiyabani haqqında məlumatı yetərincə deyil?

Həsən Səfəri: Həqiqətən, yetərincə deyil. Bəzən bir sıra araşdırmaçılar da Xiyabani hərəkatının tam mahiyyətini anlaya bilmir. Hər bir hadisənin mahiyyətini araşdırıb üzə çıxartmaq lazımdır ki, bu nə üçün, niyə baş verdi və buna səbəb nə idi?

Sübhan Talıblı: Bəla ondadır ki, bu məsələyə çox zaman sovet tarixşünaslıq konsepti ilə yanaşıblar. Rus, sovet yazıçısı Mixail Sergeyeviç İvanovun “1905-1911-ci illər İran inqilabı” (Moskva, 1957), Azərbaycan yazıçısı Şövkət Tağıyevanın “1920-ci il Təbriz üsyanı” (Bakı, 1990) və s. kitablarda  o zaman İranda gedən tarixi prosesləri aydın görürük. Məsələ ondadır ki, sovet dönəmində Cənubi Azərbaycanda baş verən bütün inqilablar sanki fəhlə-kəndli üsyanları, xalq etirazları şəklində yozulub. Ancaq Şimal ilə Cənubdakı hadisələri müqayisə edəndə, aydın olur ki, Cənubda əsas hərəkətverici qüvvələr sənətkarlar, tacirlər, tələbələr və fəhlə-kəndlilərdən ibarət idi. Yaxud Şeyx Məhəmməd Xiyabani; adından da göründüyü kimi o bir din xadimi olub, eyni zamanda bir tacir idi.

Fuad Babayev: Həsən müəllim ciddi bir məqama toxundu. O dedi ki, hətta tədqiqatçıların arasında belə, bəzən Xiyabani fenomeninə münasibət yanlışdır. Bu yanlışlıqlardan biri, Sübhan müəllim dediyi kimi, sovet dövrünün tələblərindən yaranır?

Həsən Səfəri: Əslində bu da ora şamil edilir. Ancaq məsələ ondadır ki, Xiyabani haqqında danışanda əsasən belə bir sual verirlər ki, Şeyx müstəqillik tələbi irəli sürüb, ya yox. Təbii ki, yox. Nəzərə almaq lazımdır ki, 1925-ci ilə qədər sonradan İran adlandırılan ölkə və yaxud Məmaliki Məhrusiye Qacariyyə, yəni  Qacarların hasarlanmış ölkəsi, əslində azərbaycanlıların dövləti idi. İstər Xiyabani, istər ondan öncə Məşrutə hərəkatı nə üçün baş verdi? Ona görə ki, bu dövlətin mahiyyətini dəyişib fars dövləti etmək istəyirdilər. Bunun üçün müdaxilələr var idi. Başda Böyük Britaniya olmaqla, çar Rusiyası, Qərb ölkələri Qacar dövlətinə təzyiq edirdilər. Hələ 1800-cü illərdən Böyük Britaniyanın Ost-Hind şirkəti Qacar dövlətinə daxil olmağa çalışıb. O zaman ingilislər Hindistanı əllərində saxlamaq üçün Hind ariaizmi nəzəriyyəsini formalaşdırmışdılar. Bu saxta, isbat olunmamış nəzəriyyəyə görə, hindlilər ilə avropalılar eynidirlər, eyni irqdəndirlər, ari irqdirlər və s. İrana da bu nəzəriyyəni gətirdilər ki, siz arisiniz, bizimlə eynisiniz. Başladılar Qacar dövlətində bu nəzəriyyəni yaymağa. İngilislər saraya qədər nüfuz edə bildilər. Hətta XX əsrin əvvəllərində İranın cənub hissəsi ingilislərin, şimal hissəsi isə rusların nəzarəti altında idi. Tarixi də saxtalaşdırmaqla istəyirdilər ki, türkləri kiçildib fars ünsürünü dövlətdə gücləndirsinlər və Qacarların Osmanlı dövləti, digər Türk xalqları ilə əlaqəsini zəiflətsinlər.

İran adı da indiki əraziyə şamil edilməyib. Firdovsinin “Şahnamə” əsərində “İran” sözü keçir və bu termin indiki Əfqanıstan ərazisinin bir hissəsini əhatə edir. Avropa türklərdən həmişə ehtiyat edib. Ona görə də avropalılar çalışırdılar ki, İran adlı halqanı qırıb Osmanlı dövlətini İrandan və Mərkəzi Asiyadan ayırsınlar. Yəni XX əsrdə baş verən hərəkatların mahiyyətini dərk etmək üçün bütün bunları bilmək lazımdır.  

Mehman İbrahimov: Dediyiniz kimi, Qacar dövləti Türk ölkəsi idisə, rəsmi görüşlərdə, yazışmalarda, idarələrdə bu dil işlədilməli idi. Qacar sarayında hansı dil danışılırdı?

Həsən Səfəri: Qacar sarayının dili Türk dili idi. Bütün rəsmilər, məmurlar da, hətta fars da olsa, Azərbaycan türkcəsini mütləq öyrənirdilər. Çünki dövlət özü Türk dövləti idi. Yazışmalarda, ədəbiyyatda müəyyən dərəcədə fars dili işlədilirdi, bu bir ənənə kimi qədimdən – Səlcuqlu, Xarəzmşahlar kimi türk dövlətlərindən qalmışdı. Bu ölkələr taciklərlə bir yerdə olduqlarına görə, bu dil saray dili kimi də istifadə olunurdu.

Sübhan Talıblı:. Xiyabani hərəkatı haqqında bizim tarixşünaslıqda yazılır: ingilis imperializminə qarşı mübarizə. Sovet dövründə də belə yazılırdı. İngilis mənbələrində isə bu, “rus imperializminə qarşı mübarizə” adlanır. Maraqlıdır ki, 1904-cü ildən Xiyabani hərəkatına qədər olan müddətdə Cənubi Azərbaycanda bütün qırğınları ruslar törədib. Ruslar Urmiyada, Xoyda böyük qətliamlar ediblər. 

Bundan başqa, Şeyx Məhəmməd Xiyabani öz ana dilində çox gözəl danışırdı. Amma Məşrutə inqilabında, Xiyabani hərəkatında Azərbaycan dilində Şeyx kimi natiqlik bacarığı olan bir adam görməmişik. Onun ana dilində gözəl danışığı hamını valeh edirdi. Yazırdılar ki, ana dilində elə gözəl və səlis danışırdı ki, Şeyxin nitqi bizə Azərbaycan dilinə ehtiram etməyə vadar edirdi.

Xiyabani hərəkatının bizim üçün önəmi nədən ibarətdir. O dövrü indiki dövrlə müqayisə etmək olmaz. Bilirsiniz ki, İranda Azərbaycan məsələsində çox ciddi təzyiq var. Hətta Cənubi Azərbaycanda milli məsələ, tarix, dil və s. məsələləri müzakirə etmək mümkün deyil. Ancaq XX əsrin əvvəllərində indiyə nisbətən bir böyük üstünlük vardı ki, Azərbaycan məsələsi, Əncüməni (Məşrutə inqilabı (1905-1911) dövrünə aid seçkili inqilabi orqan – red.), vilayəti mövcud idi. Bundan əlavə, Qacarlara qədər orduda əsas zabit heyəti azərbaycanlılardan ibarət olub.  

Fuad Babayev: Əgər biz “Şeyx Məhəmməd Xiyabani kimdir” sualına cavab verməli olsaq, nələri bilməliyik?

Həsən Səfəri: Qeyd etdik ki, o dövrdə İran ruslar və ingilislər arasında parçalanmışdı (1907-ci il ingilis-rus müqaviləsi – red.). İngilislər istəyirdilər ki, farsları hakimiyyətə gətirsinlər. Və görürük ki, dövlət azərbaycanlıların əlindən çıxmaq üzrədir. 1919-cu il ingilis-Qacar sazişi isə İranı ingilis müstəmləkəsi etmişdi. Belə bir vəziyyətdə Şeyx Məhəmməd Xiyabani ölkəni qurtarmaq istəyir. Paytaxt Tehran olsa da, Təbriz ölkənin mərkəzi sayılırdı. Qacar dövlətinin vəliəhdi Təbrizdə otururdu, orada təhsil, tərbiyə alıb Tehranda şah taxtına otururdu. Xiyabani də Təbrizdə bu hərəkatı başladaraq, dövləti qurtarmaq istəyib. Yəni əvvəldə dediyimiz kimi, Xiyabani hərəkatının mahiyyəti – Qacar Türk dövlətini müstəmləkəçilikdən qurtarmaqdan, dövləti farslara verənlərlə mübarizədən ibarət olub. Xiyabani rusların da köməyini rədd edib. Hətta Osmanlını da qəbul etməyib, deyib ki, sizin arxanızda ingilislər var. Belə ki, o zaman Osmanlı tənəzzülə uğrayırdı, ingilislər artıq ora nüfuz edə bilmişdilər. Mustafa Kamal Atatürk mübarizəyə qalxıb ölkəni xilas etdi.  

Fuad Babayev: Yəni Xiyabani Azərbaycanın müstəqilliyini deyil, ilk növbədə azərbaycanlıların İranda mövqelərinin qorunmasını istəyirdi.

Sübhan Talıblı: Xiyabani əvvəla gözəl natiq, ikincisi isə, gözəl İslam alimi idi. Üçüncüsü, milli burjuaya məxsus yaxşı bir tacir idi. O, Dağıstana gedib ticarət quranda öz yerlilərini ətrafına yığmışdı. Satıcısı, dükan işlədəni, karvan aparanı, mühafizəçiləri belə, hamısı azərbaycanlılardan, əsasən də təbrizlilərdən ibarət idi. Həmçinin o, Təbriz mallarının Rusiyada gözəl təbliğatçısı olub. Ən əsası isə, irticaya qarşı mübarizə aparan, vətənpərvər, mücahid, inqilabçı lider olub.

Fuad Babayev: Sizin “Şeyx Məhəmməd Xiyabani hərəkatının müasir Azərbaycan və İran tarixşünaslığı və elmi ədəbiyyatında öyrənilməsi” adlı məqaləniz AMEA-nın saytında yer alıb. Biz tez-tez hansısa bir məsələyə nüfuz etməyə çalışdıqda, məlum olur ki, bu məsələ çoxdan öyrənilib. Məsələn, Cavad xan çoxdan öyrənilsə də, sovet dövrünün yanaşması ilə müstəqillik dövrünün yanaşması fərqlidir. Baxmayaraq ki, bir mövzu onilliklər boyunca ciddi araşdırılıb, ancaq orada ideoloji stereotiplər çox ciddi rol oynadığına görə, müstəqillik dövrünün tədqiqatçısı bəzən ondan imtina etməli olur. Sovet dövründə Xiyabani fenomeninin öyrənilməsində nələri çıxdaş etmək lazımdır və faydalı nələri hesab edirsiniz?

Sübhan Talıblı: Məsələn, Səməd Sərdariniyanın “Məşahire Azərbaycan” əsərini götürək. Xiyabaninin silahdaşları kimlər idi? Sovet dövründə bunların adı çəkilmirdi. Fikir verin: Hacı Məhəmmədəli Badamçı. Kimdi – hacı. Sovet dövründə hacı var idi? Yox. Bundan başqa, Hacı Rizəli Gəncaviyə. Xiyabani din xadimi idi, ətrafında da din xadimləri var idi. Ancaq ana dilini səlis bilmə, milli kimlik məsələsi, adət-ənənələrin qorunması çox böyük əhəmiyyətə malikdir. İslam deyir ki, ümmət məsələsi var, millət məsələsi yoxdur. Ancaq bu din xadimləri üçün milli kimlik məsələsi önəmlidir. Bəli, sovet dövrünün tarixşünaslığında irticaya qarşı mübarizə yer alıb, lakin Azərbaycan xalqının milli kimliyə qayıtması kimi termin yoxdur. Azadistan dövləti milli dövlət olub. Şimalda da milli dövlət qurulub.

Fuad Babayev: İkisi də eyni ildə süqut edib.

Sübhan Talıblı: Bəli. Amma fərqli yanaşmalar, fərqli idarəetmə sistemləri var idi.

Fuad Babayev: Yəni sovet dövründə Xiyabani fenomeni xeyli öyrənilib.

Sübhan Talıblı: Əlbəttə. Biz Qulam Məmmədlini unuda bilmərik. Xeyli iş görüb. Doktor Salamulla Cavidin, Vüqar Əhmədin fəaliyyətini qeyd edək. Zöhrə Vəfalı, Əli Daşqın, Hüseyn Düzgün və bir sıra cənublu müəllifin Şeyx haqqında əsərləri var. Şərqşünaslıq İnstitutunda Xiyabani hərəkatının 80 illiyinə dair məqalələr toplusu çap edilib. Hətta Cənubda yazılan romanlara, poeziyaya fikir versək, görərik ki, Xiyabani haqqında xeyli sayda material var və biz onları Azərbaycan ədəbiyyatında, tarixində istifadə etməliyik.

Pişəvəri dövrünə fikir versək, görərik ki, o zaman 2 adda medal təqdim olunurdu: Səttarxan medalı və Xiyabani medalı. Burada Pişəvərinin bir nitqini nəzərinizə çatdırmaq istəyirəm. Seyid Cəfər Pişəvəri 1946-cı il oktyabrın 2-də Xiyabaninin büstünün açılışında deyir: “Rəşidlik zirvəsinə baxsaq, Səttar xan qəhrəman imiş. O, düşmən qabağında təslim olmamışdı. Amma fikir, elm və məlumat nöqteyi-nəzərindən baxsaq, Şeyxin məqamı fövqəladə böyükdür. Sərdar rəşid imiş, Şeyx o xasiyyətlərə malik halda, bir də onun alimlik məqamı var idi.”

Fuad Babayev: Biz Azərbaycan elmindən danışırıq. Müasir dövrdə İranın tarix elmi Şeyx Məhəmməd Xiyabaniyə hansı qiyməti verir, onu necə dəyərləndirir?

Həsən Səfəri: Düzdür, hadisələri müəyyən dərəcədə əks etdirirlər, ancaq bayaq qeyd etdiyim mahiyyət məsələsində obyektiv deyillər. Xiyabani hərəkatı xarici müdaxiləçilərə qarşı idi və Xiyabaninin ingilislərin əli ilə Qacar dövlətinin farsların əlinə keçməsinə qarşı olduğunu İran tarixində qeyd etmirlər. Yalnız Xiyabaninin imperializmlə mübarizəsini əks etdirirlər. Yəni mahiyyətini təhrif edilmiş şəkildə verirlər.

Sübhan Talıblı: Şeyxin ana dili uğrunda apardığı mübarizə qətiyyən əks olunmur. İkincisi, xarici irticaya, müdaxiləyə qarşı mübarizəni qeyd edirlər, ancaq daxili irticaya qarşı mübarizəni əks etdirmirlər. Üçüncüsü, onun apardığı mitinqləri, çıxışlarını, nitqlərini vermirlər. Şeyx Təbrizi, Azərbaycanı milli mübarizəyə səsləsə də, bunlar qətiyyən heç bir yerdə keçmir. Necə ki sovet tarixində Azərbaycanda mili-mənəvi dəyərlər, İslam, türkçülük məsələsinə qadağa qoyulurdu, İranda da müəyyən qadağalar var. İran tarixində Qaraqoyunluları, Ağqoyunluları, Səfəviləri bizdəki kimi yazmırlar. Qacarların tarixi də bərbad vəziyyətdədir. Ulu Öndərimiz çox düzgün olaraq deyirdi ki, Azərbaycanın ikiyuzillik tarixi yenidən yazılmalıdır. Gülüstandan, Türkmənçaydan bəri tariximiz qeyri-obyektiv olub.

Başqa bir məsələ də var. Tövsiyəm ondan ibarətdir ki, Təbrizdə Məşrutə muzeyində Xiyabaniyə aid şəkilləri, geyimləri və digər eksponatları da gələcəkdə kitablara, jurnallara daxil edək. Muzeydə “qiyami Şeyx Məhəmməd Xiyabani” yazır. Kitablarda da Xiyabani hərəkatı qiyam adlanır. Bunu da ilk dəfə bu şəkildə Əli Azəri yazıb.

Amma Xiyabaniyə ən gözəl qiyməti, Əhməd Kəsrəvi “Qiyame Şeyx Məhəmməd Xiyabani” kitabında verib. Kəsrəvi azərbaycanlı ola-ola fars rejiminə xidmət etsə də, Xiyabaniyə çox hörmət edib və Cənubi Azərbaycandakı soyqırımlarla bağlı rəqəmləri bizə çatdırıb.

Həsən müəllim 1946-cı il hərəkatı ilə yazılarında qeyd edir ki, torpaq islahatını İrana Azərbaycanda Milli hökumət qurulanda Seyid Cəfər Pişəvəri gətirib. Xiyabani isə torpağın bölünmə məsələsinə müraciət edib. Şeyxin şüarlarında İranda torpaq münasibətlərinin düzgün bölünməməsi öz əksini tapıb.    

Fuad Babayev: Şeyx Məhəmməd Xiyabaninin həyatını hansı mərhələlərə bölmək olar? Bilirik ki, o, 40 yaşında öldürülüb.

Həsən Səfəri: Şeyx Məhəmməd Xiyabani adından da məlum olduğu kimi, din xadimi idi. Ancaq atası tacir olduğu üçün özü də müəyyən vaxtlar ticarətlə məşğul olub. Bundan başqa, Məşrutə inqilabında Səttar xanın yanında olan adamlardan biri idi və bu hərəkatda yaxından iştirak edib. Sonra onun başladığı hərəkatı da məğlub elədilər ki, bu da fitnəkarlıqla baş verdi. Yəni bu məsələdə “ingilis əli” var idi. Böyü Britaniyanın Qacar dövlətindəki Edmond adlı səfiri o dövrdə Təbrizə gələrək müəyyən qüvvələri ələ alıb. Səfir öz ölkəsinə hesabatlarında yazırdı ki, Azərbaycan bizə mane olacaq. Ona görə də Xiyabani hərəkatını mütləq yatırmaq lazımdır. Ona görə də səfir Təbrizdə müəyyən qüvvələrlə müzakirə aparır. O zaman Cənubi Azərbaycanın valisi kimi Müxbirüssəltənə (1864-1955; Mehdiqulu xan Hidayət - Üç dəfə İranın baş naziri – red.) Təbrizə göndərilir. O da Təbriz yaxınlığında yerləşən kazak dəstələri ilə müzakirə aparır. Və bundan sonra Cənubi Azərbaycanı qarışdırırlar. Qaradağda Əmir Ərşadı öz tərəfinə çəkib onu üsyana qaldırırlar. Marağada, Miyanədə də üsyanlar çıxır. Şeyx Məhəmməd Xiyabani özü müəyyən bir qoşun dəstəsi yaratmışdı. Məcbur olub qoşununu bu bölgələrə göndərməli olur. Təbriz isə demək olar ki, müdafiəsiz qalır. Həmin dövrdə Müxbirüssəltənə Şeyxi müzakirəyə çağırır. Xiyabani isə dəvəti rədd edir. Bundan sonra Tehrandan kazak dəstələrinə əmr gəlir ki, Təbrizə hücum edin. Kazaklar da Təbrizdə qalan bütün gözətçiləri güllələyirlər, 300-dən çox evi qarət edib yandırırlar. Xiyabani də ailəsi ilə bir evə sığınır və axırıncı gülləsinə qədər döyüşür. Axırda kazaklardan birinin gülləsi ilə vurulur.

Fuad Babayev: Xiyabaninin məzarı haradadır?

Həsən Səfəri: Öldürüldükdən sonra camaata ibrət olsun deyə cənazəsini şəhərdə gəzdirirlər. Təbrizin “Məqbərətül Şüəra” (Şairlər məqbərəsi) deyilən yeri var. Orada onun məzarını görmüşdüm.

Fuad Babayev: Bəlkə məzarı deyil, rəmzi bir abidədir, yoxsa nəşi orada dəfn olunub?

Həsən Səfəri: Dəqiq deyə bilmirəm, amma elə təqdim edirdilər. Amma sonra oradan da yoxa çıxdı.

Sübhan Talıblı: Siz mərhələləri soruşdunuz. Tarixi getsək, ilk əvvəl Xiyabaninin uşaqlıq dövrünü götürməliyik. Sonra mədrəsə illəri gəlir. Qeyd edim ki, Şeyx Məhəmməd Xiyabaninin müctəhid (ərəb dilini və şəriəti kamil bilən adamlara deyilirdi – red.) statusu da var idi. Çünki din xadimi olduğuna görə bu statusu almışdı. Gənclik illərində ticarətlə məşğul olub. Dağıstanda rus dilini öyrənmişdi və məktəbdə təhsil almışdı. Sonrakı mərhələdə Məşrutiyyə başlayır. Məşrutədən (1905-1911-ci illər) sonra qiyam, üsyan dövrü gəlir. Axırda da, Şeyx çox qəddarlıqla öldürülüb. Şeyxi öldürdükdən sonra bir atın arxasına iplə nərdivan bağlayaraq, onun nəşini də nərdivanın üstündə küçələrdə sürüyüblər. Deyilənə görə, cənazəsi hətta kimsəsiz halda yerdə də qalıb. Şeyx Məhəmməd Xiyabaninin Azərbaycan xalqının qəlbində mücahid kimi qalmasının səbəbi onunla bağlıdır ki, o, Rusiyaya, İngiltərəyə də qaça bilərdi. Həm pulu, həm də imkanı var idi, amma qaçmadı. 

Bəzən Siz deyən kimi çox yerdə yazırdılar, amma, təbii ki, Şeyx təhlükəni duyurdu. Yəni müəyyən qruplaşmaların qaçmaq meylini, hansısa başçıların, döyüşçülərin ələ alındığını və s. halları görürdü. Şeyxin ətrafı daralırdı. Bunu anladığı üçün qaça bilərdi. Amma gizlənmək məsələsinə gəldikdə, Təbrizdən qırağa çıxmayıb, şəhərdə olub. O şəraitdə mücadilə aparmaq asan deyildi.

Mehman İbrahimov: Nəyə görə İranın özündə Səttar xana münasibət daha isti, Xiyabaniyə isə tamam başqadır? Onların başlatdığı hərəkatın fərqi nədədir? Səttar xanı Tehranda qəhrəman kimi qarşılayıblar. Əslində, hər ikisi xarici müdaxiləçilərə qarşı mübarizə aparıb.

Sübhan Talıblı: Səttar xan, belə deyək, nəticə əldə edə bildi. Nəticə isə o oldu ki, Məşrutə inqilabı İrana konstitusiya gətirdi.

Mehman İbrahimov: Ondan sonra hamısını ləğv etdilər.

Sübhan Talıblı: Aydındır, amma Səttar xan inqilabının ətrafında bütün İran əhalisi dayanmışdı, bir sıra böyük dövlətlərin burada müəyyən maraqları var idi, mətbuat və başqa məsələlər də mövcud idi. Hətta Məhəmməd Əmin Rəsulzadə də o dövrdə İranda fəaliyyət göstərib.   

Fuad Babayev: Orta və ali məktəblərdə Xiyabani hərəkatına verilən yer sizi qane edir? Orada bu hərəkat proporsional işıqlandırılır, yoxsa müəyyən boşluqlar var?

Sübhan Talıblı: Cənuba nəzərən bizdə bunlar yaxşı tədris edilir. Bundan başqa, Xiyabaninin adına Bakıda prospekt, digər şəhərlərimizdə küçə var. Amma yaxşı olardı ki, prospektin əvvəlində onun barelyefi qoyulsun. Bu, qəhrəmanımıza da ehtiram olardı. Çünki Xiyabani tarixi şəxsiyyətdir, Azərbaycan övladıdır, hərəkat dövründə Ana dili məsələsini qaldırıb və s. Düzdür, hər bir şəxsiyyətlə bağlı müəyyən ziddiyyətli məqamlar olur. Hamısına “ağappaq”dır deyə bilmərik.

Amma narahat olduğumuz məqamlar da var. Problemimiz nədir? Məsələn, Səfəvilərin adı çəkilir, mənbələr yoxdur. Elmi ədəbiyyatda “axsayırıq”. İkincisi, müqavilənin adı çəkilir; müqavilə nədir, nədən ibarətdir... Müqavilənin mətnində məlumat verilmir. Tarixşünaslıqda əsas nədir? Fakt və mənbə. Sonradan biz onun təhlilini etməliyik. Rus tarixşünaslığı nə yazıb, Qərb tarixşünaslığı necə göstərib, İran tarixşünaslığı, yaxud Azərbaycan tarixşünaslığı nə deyir. Bizim işimiz nədir? Biz sənədlərlə elə-belə maraqlanmırıq ki. Müəyyən dövrlərlə bağlı əlyazmalar, sənədlər, müqavilələr var. Onları götürüb Azərbaycan tarixşünaslığına əlavə etməliyik. Yaxşı ki, Şeyx Məhəmməd Xiyabaninin nitqləri, danışıqları, deyimləri kitablarda, sənədlərdə çap olunub.

Fuad Babayev: Dərsliklərdə necə?

Sübhan Talıblı: Dərsliklərdə bəziləri var. Azərbaycan tarixində 1905-1911-ci illər və 1920-ci il inqilabı barədə geniş yazılıb. Amma tarixşünaslıqda, mənbəşünaslıqda axsamalar var. Məsələn, niyə Əhməd Kəsrəvinin fikirləri verilmir. Yaxud Zöhrə Vəfalı. Müasirlərdən Səməd Sərdariniyanın adı çəkilmir. Halbuki Sərdariniya Qarabağın tarixi ilə bağlı İranda ən yaxşı tədqiqatçılardan biridir. Eyni zamanda “Varlıq” dərgisində xeyli xidməti olub. Digərlərinin də adını çəkə bilərik. Amma, təbii ki, bir az əl gəzdirilməlidir, milli, ideoloji məsələlərə önəm verilməlidir. Real tarixi göstərməliyik. Bunu İran necə göstərir, biz necə düşünürük: bu cür yanaşma ortaya qoymalıyıq. Yəni müqayisəli təhlil aparılmalıdır.

Həsən Səfəri: Doğrudan da, dərsliklərdə bu hərəkatlar müəyyən dərəcədə təsvir olunub. Məsələ bundadır ki, son iki yüz ilin tarixi yenidən işlənməlidir. Ona görə ki, bu dövrə aid tarixi ciddi şəkildə saxtalaşdırıblar. Sovetlər Birliyində tarix təhrif olunsa da, bu saxtakarlıq cənub qonşumuzda daha güclü olub, İran bu xüsusda daha çox seçilib. Təsəvvür edin, buradan çölə çıxıb kimdən soruşsaq ki, Qacar dövləti kimin olub, cavab verəcəklər ki, fars, İran dövləti olub.

Fuad Babayev: Əslində, sual verdiyiniz adamların xeyli hissəsi bilməyəcək ki, Qacar dövləti nədir, amma bilənlər də bu cür deyəcək.

Həsən Səfəri: Əvvəldə qeyd etdik, axı Xiyabani niyə İranda müstəqillik istəməli idi. Öz dövlətindən bunu istəməlidir? Qacarlar türk dövləti idi. Yaxud Səttar xan müstəqilliyi niyə və kimdən istəsin? Amma Seyid Cəfər Pişəvəri bunu istəyirdi. Çünki artıq hakimiyyəti türklərdən almışdılar.

Mehman İbrahimov: Amma o dövrdə Sovet təbliğatı da müstəqillik ideyasını körükləyirdi.

Həsən Səfəri: Təkcə bu deyildi. Məsələnin kökü başqadır. 1925-ci ildə hakimiyyəti Pəhləvilərə verdikdən sonra Azərbaycanın başına elə oyunlar açdılar ki... Elə faciə törədiblər ki, utanırsan deməyə. Öz evində ana dilində danışan adamın başına noxta salırdılar ki, sən “eşşək dilində” danışırsan. Türk dilini qadağan etmişdilər, türkləri farslaşdırırdılar, türkcə kitabları yandırırdılar və s. Mən hələ bir neçəsini misal çəkdim. Yəni o qədər zülm etdilər ki, ondan sonra 1945-ci ildə Pişəvəri hərəkatı başladı. Sovet dövləti bundan istifadə etdi, amma özü orada dövlət qura bilməzdi. Sovetlər gördü ki, Cənubda güclü hərəkətlilik var, kömək etdi, buradan da adamlar göndərdi. Amma sonra hərəkatı tək qoydu, silah da vermədilər.

Fuad Babayev: Türk tarixşünaslığında Xiyabani hərəkatına diqqət ayrılıb? Axı burada türk amili də var.

Sübhan Talıblı: Əli Azərinin “Xiyabani” kitabı Türkiyədə də çap olunub. Bir məsələ də var ki, 10-15 il əvvəl Türkiyədə bir yazı yazanda bizə “İran Azərbaycanı” yazmağa məcbur edirdilər, “Güney Azərbaycanı” yaza bilməzdik. Əli Azərinin 3 fəsildən ibarət kitabında Xiyabaninin keçdiyi mübarizə yolu çox gözəl öz əksini tapıb. Şeyxin şəxsi həyatı haqqında xeyli məlumat var. Həmçinin həmin dövrdə Şeyxin apardığı mədəni quruculuq, idarəetmə təsvir edilib. Və bilirsiniz ki, o, Təbrizdən 5 ay müddətində inqilabı idarə edib.

Yəni sualınıza cavabı ümumiləşdirərək cavab verim ki, mən yalnız Əli Azərinin farscadan Türkiyə türkcəsinə çevrilib çap edilmiş kitabını bilirəm, həmçinin müəyyən məqalələr dərc edilib. Ancaq bir şey deyim ki, bu sahədə yazılar ruslarda, farslarda daha çoxdur. İngilis tarixşünaslığında İran inqilabları haqqında bəhs edən bölmədə Xiyabani hərəkatı göstərilib. Ancaq orada məsələyə elə toxunublar ki, sanki inqilab tək ruslara qarşı baş verib.    

Həsən Səfəri: Xiyabani ilə bağlı Türkiyədə çox ciddi araşdırma olmayıb.

Mehman İbrahimov: Vikipediyada belə bir məlumat var ki, Xiyabani beş yüz nəfərlik dəstəsi ilə Osmanlı qoşununa qarşı müqavimət göstərib. Sonra onları həbs edib Qarsa göndəriblər. Yalnız bir il sonra - 1919-cu ildə qayıdaraq Təbrizə gəlib. O zaman Xiyabani nəyə görə türklərə qarşı olub?

Həsən Səfəri: Bundan əvvəl bu mövzuya toxundum. Osmanlı Xiyabaniyə təklif edir ki, gəl birləşək. Sizə kömək edək, İslam birliyi yaradaq. Həmin dövrdə Osmanlı dövləti çökmək üzrə idi, çox zəif vaxtı idi. Buna baxmayaraq, gəlib Urmiyanı da qurtardı, Bakını da azad etdi. Böyük Britaniya artıq Osmanlı dövlətinə güclü şəkildə nüfuz edə bilmişdi. Nəyə görə Mustafa Kamal Atatürk meydana çıxdı? Atatürk Türkiyəni qurtardı. Bəs nəyə görə Xiyabani qəbul etmədi türkləri? Şeyx çox ayıq adam idi və dövrün hadisələrini çox gözəl təhlil edə bilirdi. Görürdü ki, Osmanlı dövləti ingilislərin nüfuzu altına düşüb. Və deyirdi ki, sən İslam birliyi deyirsən, amma arxanda “ingilis əli” görsənir.

Sübhan Talıblı: Mən İran-Türkiyə münasibətlərini araşdırıram. Əslində, Türkiyə və İran bir-birinə düşmən yox, rəqibdirlər. Baxın, İran-İraq müharibəsində İranı bəladan kim qurtardı? Rza şah bütün islahatlarını haradan götürüb? Türkiyədən. Səfəvi şahları Osmanlı sultanına İslam xəlifəsi kimi baxırdılar. Bütün məktublarda xəlifə kimi müraciət ediblər və Osmanlının böyüklüyünü qəbul ediblər. Bunu Əfşarlar da qəbul edib, çünki Osmanlıya məhəbbətləri olub. Ancaq Qacarlarda bu hiss daha az idi, çünki müəyyən ziddiyyətlər yaranmışdı. Ondan sonra İran ictimai fikrində Türkiyəyə qarşı məhəbbət azaldı. Daha sonra Osmanlı İran Azərbaycanına nüfuz edə bilməyib. Hətta Atatürk vaxtında Türkiyə-İran arasında sənəd imzalanmışdı ki, İran türkləri məsələsi siyasi gündəmə gətirilməyəcək.

Fuad Babayev: Cənubi Azərbaycan mövzusunda, Xiyabani də, təbii ki, bu mövzunun tərkib hissəsidir, sizin mediaya tövsiyəniz nədən ibarətdir?

Sübhan Talıblı: Ümumiyyətlə, yaxşı olardı ki, bu mövzu ilə bağlı çoxlu sayda sənədli filmlər çəkilsin.

Qarabağla bağlı bütün qətliamlara dair Təbrizdə “İnsanlıq əleyhinə cinayətlər” adlı 540 səhifəlik kitabım çap olunub. İki il gözlədikdən, 8 dəfə də qaytarıldıqdan sonra, nəhayət nəşr edildi. Həsən müəllim sağ olsun, müəyyən məsələlərdə kömək edib, məsləhətləşmişik, fikirlərini də yazmışam. Hesab etməyin ki, İrandakı oxucu bizim qədər məlumatlıdır. Şeyx Məhəmməd Xiyabani obrazı milli təfəkkür baxımından İran televiziyasında, mətbuatında, saytlarında, tarixşünaslığında bizim istədiyimiz kimi təsvir edilib? Xeyr. Elə başa düşülməsin ki, bu məsələləri birtərəfli araşdırırıq. Biz buna hərtərəfli yanaşırıq. Bir xahişim var ki, Cənubi Azərbaycanda baş verən proseslər, əlamətdar günlərlə bağlı bizə qəzetlərdə bir səhifə yer ayırsınlar.

Hazırladı: Mehman İbrahimov, 1905.az

Söhbət 8 dekabr 2023-cü ildə baş tutub.