"Azərbaycan və Ermənistan rəhbərləri şəraitdən istifadə edib sülh bağlayacaqlar. Birdən-birə belə bir sülhün imzalanması hər iki tərəf üçün böyük imic gətirəcək. Ona görə də, belə bir addımın atılacağı gözlənilir".

Mia.az xəbər verir ki, bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

“Hər iki tərəfin rəsmi şəxsləri sülhlə bağlı müsbət açıqlamalar verir. Ziddiyyətlərin, hansısa maneə yaradan amillərin olmadığını deyirlər. Ona görə də, tərəflərin sülhlə bağlı konkret addım atması mümkündür”, - deyə, o, qeyd edib.

Politoloqa görə, sülh müqaviləsi Tiflisdə imzalanmasa, Azərbaycan-Ermənistan sərhədində də bu mümkün ola bilər: “İki ölkənin sərhədində bu yaxınlarda razılaşdırılmış qaydada saxlanılan şəxslərin mübadiləsi aparıldı. Məhz orada da sülh çadırı qurularaq, iki tərəf heç kəsdən asılı olmadan sülh sənədini imzalaya bilər. Görünən odur ki, artıq diplomatlar gərgin işləyir. Ortada hazır sülh sənədinin olduğuna da əminlik var”.

Zərdüşt Əlizadə hesab edir ki, burada nə Rusiya, nə də Qərb platforması əsas deyil: “Ancaq iki ölkənin sərhəddində verilmiş qərarla konkret addım atıla bilər. Bu əslində dünya üçün nümunə olacaq bir hadisə kimi tarixə düşəcək. Bəzən sülh müqaviləsinin imzalanması fonunda sülhməramlıların bölgədə qalması ilə bağlı fikirlər səslənir. 2025-ci ilə qədər rus sülhməramlılarının burada qalması möhləti başa çatır. Azərbaycan tərəfi 2025-ci ildə Rusiyaya rəsmi şəkildə məktub yazıb onlara təşəkkür edib yola salacaq. Çünki onların burada qalması üşün artıq heç bir əsas yoxdur”.

MİA.AZ