İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev aktyorları məcbur edib ki, baş rejissor Sərvər Əliyevin işdən çıxarılması üçün imza atsınlar. 

Mia.az-ın məlumatına görə, bu barədə "Unikal"a adıçəkilən teatrda aktyor kimi fəaliyyət göstərən Anar Bulud məlumat verib. 

Aktyor teatrda baş verən özbaşınalıqlara etirazını bildirdikdə, direktorun hədəsi ilə üz-üzə gəlib: "Baş rejissorun haqqında onu işdən çıxarmaq üçün imza toplanılırdı ki, bu işdə fəaliyyət göstərə bilmir, tamaşalar qurmur və s. Amma düşünürəm ki, bunlar böhtandır. Çünki mən onun tamaşasında oynamışam. O sənəddə yazılanlarla razılaşmırdım. Bunun üçün də həmin sənədə imza atmadım. İki nəfərdən başqa bütün kollektiv imza çəkdi. Dedim ki, İftixar Piriyevlə Sərvər Əliyev arasında baş verənlərə qarışmaq istəmirəm. Çünki mən yaradıcı insanam, işim səhnədədir. Amma onlar bunu qəbul etmədilər. 

Bir müddət sonra hamı iclasa yığılmışdı. İftixar Piriyev bir kağız oxudu. Dedi ki, onun haqqında nazirliyə şikayət gedib. Sonra bildirdi ki, Sərvər Əliyev haqqında kim imza çəkməyibsə, imza çəksin. Mən yenə imza çəkməyə razılaşmadım, dedi ki, imza çəkmirsənsə, işdən azadsan". 

Direktor aktyorun işdən çıxması haqqında ərizə yazmağına da ehtiyac olmadığını qeyd edib.

Səhəri gün A.Bulud sənədlərini götürməyə gedəndə, direktor onu işdən qovmadığını, ona belə bir söz demədiyini bildirib, bütün kollektiv də nədənsə İxftixar Piriyevi dəstəkləyib. Bundan sonra aktyor davamlı olaraq qarşıdurmaların yarandığı kollektivdə qalmaq istəmədiyini deyərək teatr binasını tərk edib: "Dedim ki, bu məsələ nə vaxt nazirlik səviyyəsində həll olunar, o zaman iş yerimə qayıdaram".