Rusiyada həbsdə olan və dekabrın 6-dan bu yana cəza çəkdiyi həbsxanadan hara aparılması bəlli olmayan müxalifət lideri Aleksey Navalnının yeri açıqlanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Putinin sərt tənqidçisi Aleksey Navalnı Şimal qütbünə yaxın Yamal yarımadasındakı həbsxanaya köçürülüb.
Bu köçürülmə qərarının niyə verilməsi isə izah olunmayıb.
Navalninin mətbuat katibi Kira Yarmış dünən Navalnının "tapıldığı"nı təsdiqləyib: "Aleksey Navalnını tapdıq. O, hazırda Yamal-Nenets Muxtar Vilayətinin Xarp qəsəbəsində İK-3-dədir. Bu gün vəkili onu ziyarət edib. Alekseyin vəziyyəti yaxşıdır...".
Navalnı isə vəkillə görüşdən sonra sosial şəbəkə hesabında köçürülmənin 20 gün çəkdiyini qeyd edib: "Mən indi Arktika Dairəsinin içində yaşayıram. Yamalın Xarp kəndində. Bura ən yaxın kəndin gözəl adı Labytnangidir. Mən buraya dekabrın 23-də gətirildim. Yanvara qədər də kiminsə məni tapacağını gözləmirdim. Ona görə də dünən kameranın qapısı açılanda “Sizi görməyə vəkil gəldi” sözləri məni çox təəccübləndirdi. Vəkil mənə dedi ki, "itməyim"lə bağlı narahat olanlar çoxdur. Dəstəyinə görə çox minnətdaram”.
Navalnı daha sonra özünü "Santa Klaus" (Şaxta baba) kimi təsvir etdiyni yazb.
Qeyd edək ki, Putin əleyhinə müxalifətin siması olan rusiyalı dissident Aleksey Navalni 30 ilə yaxın həbs cəzasına məhkum edilib.
Samir MUSAYEV
MİA.AZ