Bakıda Yaradıcı İttifaqların və Mədəniyyət Xadimlərinin I Qurultayı keçirilib.
Mia.az xəbər verir ki, qurultayda ölkədə fəaliyyət göstərən yaradıcı ittifaqların rəhbər və nümayəndələri, mədəni-ictimai xadimlər, media mənsubları iştirak edib.
Çıxış edənlər Prezident İlham Əliyevin 7 fevral seçkiləri üçün layiqli və tək namizəd olduğuna dəstək nümayiş etdiriblər.
Memarlar İttifaqının sədri Elbay Qasımzadə Azərbaycanı sevib-sevməmələrindən asılı olmayaraq, hər bir dövlətin, xalqın Azərbaycana hörmət etdiyini deyib: “Prezident İlham Əliyev Azərbaycanı ölkədən dövlətə çevirib. Bu mənada bizim, biz mədəni ziyalıların seçimi məlumdur. Bizim seçimimiz Prezident İlham Əliyevdir”.
Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qurucu dövlət olmasına diqqət çəkib: “Biz bunu bütün dünyaya göstəririk. Göstəririk ki, biz qurucu xalqıq, qurucu dövlətik”.
Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli Prezident İlham Əliyevin liderlik xüsusiyyətlərindən bəhs edib: “Belə prezident dünyada yoxdur. Prezidentimiz əsl kişidir. Əsl liderdir. Seçki bunun üçün lazımdır ki, hamı bizə dost deyil. Seçki onların görməsi üçün lazımdır. Bizim seçimimiz məlumdur. Bu namizədə səs vermək üçün hamını seçkilərdə fəal olmağa çağırıram”.
Daha sonra Xalq rəssamı Fərhad Xəlilov, Xalq artisti Həmidə Ömərova, Xalq artisti Hacı İsmayılov, Xalq artisti Şəfiqə Məmmədova və digər mədəni-yaradıcı xadimlər Prezident İlham Əliyevin namizədliyini dəstəklədiklərini ifadə ediblər.
Çıxışlardan sonra qurultay bəyanat qəbul edib.
Bəyanatda deyilir:
"Müstəqil, güclü, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan - xalqımızın uzun illər ərzində apardığı mübarizənin nəticəsi, onun yüksək ideallarının mənəvi və ideoloji qələbəsidir.
Azərbaycan xalqının ən böyük siyasi dühası olan Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik məfkurəsi, azərbaycançılıq ideologiyası və bünövrəsini qoyduğu dövlət siyasəti müstəqil və güclü Azərbaycanı bu günün reallığına çevirmişdir. Ümummilli lider milli kimliyin, milli-mənəvi dəyərlərin qorunması, onların ümumbəşəri dəyərlərlə vəhdəti istiqamətində mühüm işlər görmüşdür. Bu siyasətin tərkib hissəsi kimi, mədəniyyət siyasəti dövlətin strateji prioritetlərindən biri olmuşdur.
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti onun siyasi xəttinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən köklü islahatlar, genişmiqyaslı layihələr cəmiyyətimizin inkişafını və mədəni tərəqqisini şərtləndirir.
Son 20 il ərzində milli və mədəni özünəməxsusluğun, zənginliyi ilə seçilən mədəni irsimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi, mədəniyyətimizin dünyaya tanıdılması işində ciddi nailiyyətlər əldə olunmuşdur. Bu uğurların qazanılmasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən aparılan siyasətin rolu danılmazdır. Mədəniyyət sahəsində əldə edilən hər bir uğur tariximizdə mədəniyyətimizin təntənəsi kimi qalacaq.
Milli irsimizə, təsviri və tətbiqi sənətə - ümumilikdə incəsənətə, teatra, kinoya, milli musiqiyə, kitabxana və muzey işinə - mədəniyyətin bütün istiqamətlərinə ali səviyyədə qayğı və dəstək daim hiss olunur. Dövlət başçısı tərəfindən verilən hər bir qərar ölkə daxilində və xaricdə mədəniyyətimizin tanıdılması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və bu dəyərlərə bağlılığımızın gücləndirilməsinə xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında 2020-ci ildə Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük Zəfərə imza ataraq, Azərbaycanın ərazi bütövlüyünü, 2023-cü ildə isə lokal Anti-terror əməliyyatları nəticəsində Azərbaycanın tam suverenliyini və bununla tarixi ədaləti bərpa etmişdir. Torpaqlarımızın işğaldan azad olunması və qalib xalqın yeni milli kimliyinin formalaşdırılması Azərbaycan mədəniyyətinin qarşısında yeni vəzifələr qoyur.
Bu gün Qarabağ və Şərqi Zəngəzur, mədəniyyət beşiyimiz Şuşa özünün yeni intibah dövrünü yaşayır. Qələbədən qısa müddət keçməsinə baxmayaraq şəhərlərimizin, kəndlərimizin yenidən qurulması, tarix-mədəniyyət abidələrimizin bərpa olunması istiqamətində intensiv işlər aparılır. İşğaldan azad edilmiş şəhər və kəndlərimizin tarixi-mədəni siması bərpa edilir, buraya yenidən mədəniyyət və milli ruh qayıdır. Təbii ki, bütün bu tarixi nailiyyətlər Prezident İlham Əliyevin illər boyu fasiləsiz zəhməti, uzaqgörən siyasəti və güclü liderliyi sayəsində mümkün olmuşdur.
Tarix və mədəniyyətimizin dünyada tanıdılması istiqamətində işlər davam etdirilir. Şuşa şəhərinin 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtına çevrilməsi, 2024-cü il üçün isə “İslam dünyasının mədəniyyət paytaxtı” seçilməsi Türk və İslam dünyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana olan xüsusi ehtiramının ifadəsidir.
Azərbaycan Respublikası Prezidentinin yürütdüyü müdrik, balanslaşdırılmış xarici siyasət strategiyası sayəsində mürəkkəb geosiyasi şəraitə baxmayaraq, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da möhkəmlənmişdir. Bölgəmizdə yeni reallıqların yaranması və hər kəsin bununla hesablaşması İlham Əliyevin siyasi kursunun uğurudur.
Məhz bu siyasi kursun nəticəsidir ki, 2024-cü ildə ölkəmizdə keçiriləcək prezident seçkiləri Azərbaycanın tarixində ilk dəfə olaraq bütöv və suveren Azərbaycanda baş tutacaq.
Bütün sahələrdə əldə edilən uğurların, aparılan işlərin gələcəkdə də artan templərlə davam etdirilməsi, mədəniyyətimizin ən böyük sərvətimiz və gücümüz kimi dünyada tanıdılması, Prezident-Xalq birliyinin daha da möhkəmləndirilməsi, dövlətimizin və xalqımızın tərəqqisi naminə Azərbaycanın yaradıcı ittifaqları və mədəniyyət xadimləri 2024-cü il Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədi - Möhtərəm İlham Əliyev cənablarının namizədliyini yekdilliklə dəstəkləyir.
Əminik ki, Azərbaycan xalqı bir daha milli maraqlarımızın müdafiəsi üçün sıx birləşərək Azərbaycanın daha da güclənməsi, çiçəklənməsi, xalqımızın rifahının daha da yüksəldilməsi, ölkəmizin gələcəyə doğru inamla və uğurla irəliləməsi naminə öz iradəsini ifadə edəcək".