Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bərdə rayonunda inşa olunmuş 4 mərtəbəli 36 mənzilli yaşayış evi Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilib.
Nazirlikdən
Mia.az-a daxil olan məlumata görə, mənzillərin təqdim olunması mərasimində əmək
və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ilk növbədə yeni mənzil alan
əlil və şəhid ailələrini qarşıdan gələn 15 İyun-Milli Qurtuluş günü, eyni
zamanda yeni mənzil almaları münasibətilə təbrik edərək, onlara xoş arzularını
çatdırıb: "Milli Qurtuluş günü xalqımız, dövlətimiz üçün böyük məna kəsb edən,
qürurverici bir bayramdır. 1993-cü ilin iyununda Ümummilli liderimiz Heydər
Əliyevin xalqın çağırışı ilə yenidən respublikamızın rəhbərliyinə qayıdışı
Azərbaycanı o zaman məruz qaldığı olduqca ağır vəziyyətdən, yenicə qazanılmış
dövlət müstəqilliyini itirmək təhlükəsindən, vətəndaş qırğınından, xaos və
anarxiyadan xilas etdi. Bu tarixi qayıdış Azərbaycanın müqəddəratını
tənəzzüldən tərəqqiyə doğru dəyişdi və ölkəni uzunmüddətli inkişaf yoluna
səfərbər etdi”. S.Müslümov 1993-2003-cü illərdə Ulu öndərimizin müstəqil dövlət
quruculuğu və sosial-iqtisadi inkişaf strategiyasından söz açaraq bildirib ki,
müharibə əlilləri və şəhid ailələrinin dövlət hesabına mənzillərlə, habelə
əlilliyi olan şəxslərin minik avtomobilləri ilə təminatı işlərinin də məhz həmin
illərdə Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulub.
Son
10 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin ümumən sosial sahəyə davamlı
diqqət və qayğısından bəhs edən nazir
indiyədək 5 minə qədər əlil və şəhid ailəsinin mənzillə, 4500-ə yaxın əlilliyi
olan şəxsin avtomobillə təmin edildiyini diqqətə çatdırıb: "Cənab Prezidentin 23 dekabr 2013-cü il tarixli Sərəncamına əsasən, bu
ilin əvvəlinədək növbədə olan Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin avtomobillə
təminatı başa çatdırıldı. Artıq biz möhtərəm dövlət başçımızın 30 aprel 2014-cü
il tarixli Sərəncamının icrası olaraq, yaxın vaxtlarda bu ilin əvvəlinədək
növbədə olan Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan
şəxslərin xüsusi avtonəqliyyatla tam təmin edilməsinə başlayacağıq”.
S.Müslümov
mənzillə təminat sahəsində də həyata keçirilən tədbirlərdən bəhs edib: "Bu il
aprelin 25-də Ağdam rayonunda 6 mərtəbəli 54 mənzilli yaşayış evi əlil və şəhid
ailələrinə təqdim edilib, bu gün isə Bərdədə mənzillər verilir. İlin sonunadək Goranboy, Tərtər, Beyləqan, İmişli,
Şamaxı rayonlarında da yeni çoxmənzilli yaşayış evlərini əlil və şəhid
ailələrinin istifadəsinə verəcəyik. Bununla yanaşı, 2014-cü il üçün Dövlət İnvestisiya Proqramı üzrə ayrılmış
müvafiq vəsait hesabına Bakı şəhəri və ətraf qəsəbələrdə yeni tikilmiş
binalardan əlil və şəhid ailələri üçün yeni mənzillərin satın alınması ilə
əlaqədar nazirliyimiz tərəfindən açıq tenderin keçirilməsinə başlanıb. Yəni bu
sahədə də həm kəmiyyət, həm də keyfiyyət baxımından yeni mühüm irəliləyişlərin
təmin olunması nəzərdə tutulur”.
Əlil
və şəhid ailələri Milli Qurtuluş Günü ərəfəsində mənzillə təmin olunmalarının
onların bayram sevinclərini ikiqat artırdığını vurğulayaraq, sosial cəhətdən
həssas əhali təbəqələrinin rifah halının yaxşılaşdırılmasına daim xüsusi diqqət
və qayğı göstərdiyinə görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.