"Ağ Yol” Vətəndaş Hərəkatı 15 iyun – Milli Qurtuluş Günü ilə bağlı bəyanat yayıb.
Mia.az-a daxil olan bəyanatda deyilir:
"1993-cü ilin iyunu xalqımız üçün çətin sınaqlar dövrü idi. Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan Azərbaycanın daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsinə zəmin yaranması, ayrı- ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması, Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planı tam gücü ilə işə salınmışdı.
İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təlatümlər dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncə qiyamı ölkəni tamamilə xaosa sürükləmışdı. Vəziyyəti nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti daha da çətinləşdirirdi.
Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürülmüş, qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb edirdi. Vəziyyət nəzarətdən çıxır və ətraf rayonların icra başçıları zorla dəyişdirilirdi. Qiyam məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru genişlənirdi.
Artıq vətəndaş müharibəsi başlamış, ölənlər və yaralananlar haqqında hər gün məlumatlar daxil olurdu. Dövləti məhv olmaqdan xilas etmək iqtidarında olmayan yetgililərin yeganə çıxış yolu Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək idi.
Azərbaycan vətəndaş müharibəsindən qurtulur, qardaş qanının tökülməsi təhlükəsi aradan qalxır və ölkənin bir neçə yerə parçalanmasının qarşısı alınır. Bu Prezident Heydər Əliyevin uzaqgörən siyasəti və dövlətçilik təcrübəsi sayəsində mümkün olur.
Heydər Əliyevin qətiyyəti və müdrik siyasəti nəticəsində bu gün dünyada güclü, qüdrətli Azərbaycan dövləti öz mövcudluğunu qoruyub saxlamaqdadır. H.Əliyevin xalq və dövlət qarşısındakı misilsiz xidmətləri Azərbaycanın şərəf tarixinə yazılıb.
Fərəhli haldır ki, bu gün Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, ölkəmizin davamlı inkişafı və tərəqqisi doğma vətənimizin dünyada durmadan artan beynəlxalq nüfuzundan və H.Əliyevin müəyyən etdiyi siyasi-iqtisadi kursunun və inkişaf yolunun alternativsizliyindən xəbər verir.
Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu xarici siyasət həyata keçirir. Çox həssas coğrafi məkanda yerləşən ölkəmiz uğurla aparılan balanslı siyasət nəticəsində regionda stabil siyasətini qoruyub saxlamaqdadır. Məhz, bu xarici siyasət nəticəsində təcavüzkar Ermənistan bütün regional layihələrdən təcrid edilib və Azərbaycanın iştirakı olmadan heç bir regional layihə həyata keçirilmək imkanına malik deyil. Qafqazın lider ölkəsinə çevrilən Azərbaycan artıq dünyada da söz sahibinə çevrilib. Bunun bariz nümunəsi Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və iki il ərzində qlobal siyasətin tam mərkəzində olmasıdır.
"Ağ Yol” Vətəndaş Hərəkatı inanır ki, Azərbaycanı Prezident İlham Əliyevin rəhbərliyi altında daha parlaq gələcək gözləyir”.