Keçmiş deputat, Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyevin qardaşı Elruz Fətiyev ABŞ-a mühacirət edib.
Mia.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial media hesabında məlumat paylaşıb.
O bildirib ki, Elruz Fətiyev deputat Asim Mollazadənin qızı Ayna Mollazadə ilə ailəlidir: "Cütlük 2021-ci ilin dekabrında Virciniya ştatının Aleksandra şəhərində ipoteka yolu ilə mənzil alıb. Mənzilin dəyəri 160 min dollardır. Lakin onlar ötən müddətdən ştatın başqa bir şəhərində Fairfax-dakı mənzillərin birində qeydiyyatdadırlar. Mənzil 2020-ci ildə 429 min dollara alınıb, hazırki bazar qiyməti 532 min dollar dəyərinddir. Kimin tərəfindən aldığı bəlli deyil".
Jurnalist yazıb ki, Elnur Fətiyevin rəhbəri olduğu "Peachlinr" MMC 2020-ci ildə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi olub: "Elə həmin il "Gənclər Fondu”nun 286 min manatlıq tenderini "qazanıb"".
Cavanşir Həsənli xatırladıb ki, deputat Xanlar Fətiyev ötən çağırışda Milli Məclisin Azərbaycan-Avstraliya parlamentlərarası komitəsinin rəhbəri olub: "Avstraliya senatında məlum rüşvət qalmaqalından sonra növbəti seçkidən kənarda qalmışdı. Hazırda isə bu vəzifəyə onun qardaşının qaynatası Asim bəy rəhbərlik edir".
Jurnalist sonrakı paylaşımıda qeyd edib ki, keçmiş deputat Xanlar Fətiyevin Almaniyadakı şirkətlərindən biri ləğv olunub: "2010-cu ildə Ştuttqartda qeydiyyatdan keçmiş, daha sonra Berlində fəaliyyətini davam etdirmiş AZNUR TRAVEL GMBH bu il martın sonunda qeydiyyatdan çıxarılıb. Şirkət adından da göründüyü kimi turizm sektorunda fəaliyyət göstərib.
İndi məlum olur ki, hələ 2019-cu ildə Xanlar Fətiyevin Berlindəki "Brasileiro" restoranı onunla bağlı geniş araşdırmamı təqdim edəndən dərhal sonra birdəfəlik qapadılmışdır".
Samir Musayev
MİA.AZ