“Bakı Fond Birjası“ QSC-nin (BFB) səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.
Mia.az xəbər verir ki, yığıncaqda Birjanın İdarə Heyətinə (İH) yeni sədr seçilib.
Bu, Ruslan Xəlilovdur. O, səlahiyyətlərinin icrasına gələn ilin yanvar ayından başlayacaq.
Xatırladaq ki, BFB-nin keçmiş sədri Vüqar Namazov 2019-cu ilin may ayında işdən çıxıb, hazırda "Unicapital İnvestisiya Şirkəti" ASC-yə rəhbərlik edir. Bu müddətdə Birjaya isə müvəqqəti olaraq Eldar Abdullayev rəhbərlik edib.
Yığıncaqda həmçinin BFB-nin Baş Kommersiya İnzibatçısı Oqtay Qasımov və Baş Maliyyə İnzibatçısı Mehman Ramazanov İH-nin üzvləri seçiliblər. Hər 3 üzv baş ofisi ABŞ-da yerləşən CFA İnstitute (Chartered Financial Analyst) təşkilatının peşəkar sertifikatına və maliyyə, kapital bazarları və investisiya idarəçiliyi sahəsində böyük təcrübəyə malikdirlər.
Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,04 milyon manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 6 yerli bank (“Azərbaycan Sənaye Bankı” (ASB), “Bank of Baku”, "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", “Yapı Kredi Bank Azərbaycan” və ləğv prosesində olan "United Credit Bank" ASC-lər), 13 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76 %-dir. ASB isə Birjada 9,52 % payla təmsil olunur(Report).