"Azərbaycanda ortamüddətli perspektivdə xərclərin artımının dayanıqlı gəlir mənbələri ilə uzlaşdırılması, Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin dayanıqlı səviyyədə saxlanılması təmin olunacaq".

Mia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş nazir Əli Əsədov deyib.

Onun sözlərinə görə, büdcə xərclərinin effektivliyinin qiymətləndirilməsi, büdcə vəsaitlərindən təyinatı üzrə istifadəsinə nəzarət məqsədilə Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi ilə bağlı islahatlar davam etdiriləcək: "Ortamüddətli dövrdə makro-fiskal siyasət çərçivəsində icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-də xüsusi çəkisinin tədricən azaldılaraq tənzimlənməsi nəzərdə tutulur. Bu da inflyasiyaya azaldıcı təsir göstərən faktorlardan biridir. Daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması istiqamətində aidiyyəti qurumlarla birgə "Qiymət İzləmə Sistemi"nin tətbiqi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti subyektiv səbəblərə yol verən bazar subyektlərinə qarşı nəzarət tədbirlərini gücləndirəcək və ciddi tədbirlər görəcək. Rəqabət Məcəlləsinin qəbul olunması da bu proseslərə təkan verəcək".

Baş nazir daha sonra deyib ki, Azərbaycanda müsbət makroiqtisadi göstəricilərdən biri inflyasiya tempinin azalmasıdır: "Hökumətin antiinflyasiya tədbirləri, dünya ərzaq bazarlarında qiymətlərin enməsi, tədiyə balansının profisitli olmasının məzənnə sabitliyini dəstəkləməsi inflyasiya idxalına və bununla da inflyasiya səviyyəsinə azaldıcı təsir göstərib. 2023-cü ilin sonuna orta illik inflyasiyanın birrəqəmli səviyyədə olacağı proqnozlaşdırılır. Dövlət Statistika Komitəsinin ilkin rəqəmlərinə görə, artıq 2023-cü ilin 11 ayında orta illik inflyasiya birrəqəmli 9,4% olub, illik inflyasiya 2,6% təşkil edib.

Eyni zamanda Nazirlər Kabinetində “İnflyasiya və qiymət monitorinqi” üzrə yaradılmış İşçi qrup inflyasiya proseslərinin, onun səbəblərinin araşdırılması və təhlili istiqamətində zəruri işlər görür. Ümumilikdə, inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəsinin təmin edilməsi, əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması, habelə fiskal və monetar siyasətin koordinasiyası istiqamətində zəruri tədbirlər davam etdiriləcək".