“Deyirdik ki, Dövlət Gömrük Komitəsində islahat keçirildi. Gömrük əvvəlkindən də bərbad gündədir. Türkiyəli TIR sürücülərinin danışığını eşitdiniz? Dedilər ki, niyə bizi küsdürürsünüz?! Gürcüstanı bizə misal gətirirlər. Ayıb deyil? Deyirlər ki, Gürcüstanda 15 dəqiqəyə işimizi həll edib çıxırıq, Azərbaycan isə dost, qardaş dövlətdir, amma gömrüyündə bizi 2 gün saxlayırlar, TIR-ı saxladığımıza görə 100 dollar da parklama pulu, əlavə rüşvət də alırlar. Komitənin yeni sədri Şahin müəllimdən soruşmaq istəyirəm ki, niyə? Səfər Mehdiyevi göndərdilər ki, vəziyyət düzəlsin. İndi də sən gəlmisən...”
Bu sözləri Ağ Partiyanın sədri Tural Abbaslı "LAF TV"nin efirində deyib.
“Çin və Avropanı birləşdirəcək orta yolun əsas seqmenti bizik. Deyirik ki, milyardlarla dollarlıq mallar Avropaya bizdən gəlib keçsin. Sən bu gün Türkiyənin TIR sürücülərini incidirsənsə, fransalı, çinli, amerikalı, ingilis sənin ərazindən necə keçəcək? Sən ondan da rüşvət alacaqsan, deyəcəksən ki, 30-50 dollar rüşvət ver? Hamımızın xilaskarı məşhur “Trendyol”dan siz də nəsə alırsınız. Niyə limit aylıq 300 dollardır? Səfər Mehdiyevin dönəmində bu məsələni dəfələrlə qaldırmışıq ki, 300 dollara kim nə ala bilər? Bir noutbuk, telefon almaq neçəyə başa gəlir? Ayda əyninə iki normal paltar alsan, limit artıq bitir. Sən niyə limiti 1000 dollara qaldırmırsan ki? 300 dollar limit, 800 dollar da təyyarə ilə gələndə... Niyə, ay qardaş?”, - partiya sədri deyib(Pravda).