Azərbaycan Yazıçılar Birliyinin (AYB) evlə təmin etdiyi üzvlərinin siyahısı məlum olub.

Mia.az xəbər verir ki, onlar bu yazıçı və şairlərdir: Seyran Səxavət, Nəriman Qasımzadə, Vaqif Əlixanov, Firuz Mustafa, Dəyanət Osmanlı, Xanəmir Telmanoğlu, Elxan Zal, Elmar Şeyxzadə, Gülxani Pənah, Arifə Əliyeva, Südabə Ağabalayeva, Məlahət Qənbərova, Narıngül Babayeva, Şəfəq Sahibli, Xəyal Rza, Əlibala Əliyev, Şəmsiyə Camalova, Ülviyyə Heydərova, Ulucay Akif, Rauf Aslanov, Seyran Məlikov AYB tərəfindən evlə təmin olunublar.

Ev alanlar birgə bəyanat da yayıblar.

Bildiriblər ki, Birliyin əməkdaşlarına mənzil verməsi onlar üçün də gözlənilməz olub.

“Sənədlərin imzalanması üçün Yazıçılar Birliyinə dəvət olunanda, bizim üçün sürpriz oldu. Təəssüf ki, mənzil alanların siyahısına düşməmiş bir-iki AYB üzvü sosial şəbəkələrdə, telekanallarda mənzil alanların ünvanına təhqiredici sözlər işlədərək, haqsızlıqda, ədalətsizlikdə ittiham edərək, sevincimizi qursağımızda qoydular. Biz bu fikirdəyik ki, bölgü zamanı heç bir ədalətsizlik olmayıb, mənzillər ədəbiyyat sahəsində xidmətləri olan qocaman yazıçılara, mənzil şəraiti ağır olan, heç mənzili olmayan yazıçı və əməkdaşlara verilib, siyahıda kənardan gəlmə heç kim yoxdur”, – bəyanatda bildirilir.

Daha sonra qeyd olunur ki, mənzillə təmin olunanların yeganə iş yeri Azərbaycan Yazıçılar Birliyidir: “Onların da Azərbaycan vətəndaşları kimi mənzil almaq hüquqları var və onların adlarını hallandırıb yuxarıdan-aşağı baxmaq qələm adamlarına yaraşmaz. Yazıçılar Birliyi son 30-35 ildə üzvlərinin mənzil problemini həll etmək üçün bütün imkanlarını səfərbər edib və ən çox mənzil bu dövrdə paylanıb. Mənzil davası edənlər ilk növbədə yazıçı nüfuzuna kölgə salırlar. İctimaiyyət qarşısında nalayiq sözlər işlətmək, insanlara iftira atmaq, dedi-qodu yaymaq, üzvü olduqları təşkilat barədə yanlış təsəvvür yaratmağa çalışmaqla yalnız özlərini gözdən salan səxslərə sözümüz budur ki, davranışınız doğru deyil”.

Bəyanatın sürətini “kulis.az” saytı yayıb.

Şair bəyanata və AYB-nin açıqlamalarına etiraz edir…

AYB üzvü, şair Emil Rasimoğlu isə yazarların bəyanatını özünümüdafiə xarakterli sayıb.

O, baş verənlərə görə əsasən də birliyin sədri Anarı və sədrin müavini Rəşad Məcidi günahlandırıb.

“Ev məsələsi ilə bağlı Anarın açıqlaması əslində onun və komandasının Yazıçılar Birliyindəki iflasının növbəti və ən acınacaqlı “fotosudur””, – Emil Rasimoğlu qeyd edib.

O, AYB sədrinin müavini Rəşad Məcidin mediaya verdiyi açıqlamanı da tənqid edib:

“Rəşad Məcidin ev məsələsi ilə bağlı mətbuata verdiyi məsuliyyətsiz açıqlaması, əslində, Anar diktaturasının idarəçilik məğlubiyyətindən, çöküşündən başqa heç nəyi ifadə etmir”.

“Rəşad Məcid də Çingiz Abdullayev kimi fikirlərində bir az da məsələdən xəbərsiz olmaq təəssüratı yaratmağa çalışır. Hansı ki onların bütün “oyunlardan” həmişə xəbərləri olub, olur və olacaq. Nə qədər ki Anar sistemi Yazıçılar Birliyindədir. Sadəcə, Rəşad Məcidin Anar diktaturasını müdafiə etməyə, “günlük mənzərələr” yaratmağa daha “nəfəsi”, “boyası” çatmır. Yəni nə “nəfəsi” çatır, müdafiə etsin, nə də iradəsi çatır ki, o diktaturanı, idarəçilik sistemini tərk etsin. Çünki Rəşad Məcid o diktaturanın özülüdür, təməlidir, ən sadiq nümayəndələrindəndir. İnsan nə qədər ədalətsiz ola bilər ki, öz fikirləri fonunda bu qədər çarəsiz, “yorğun”, məğlub, bitkin görsənə bilsin. Necə ki bu gün Rəşad Məcid görsənir”, – deyə o qeyd edib.

Emil Rasimoğlunun fikirləri ilə bağlı AYB-dən münasibət öyrənmək mümkün olmayıb.

Noyabrın 18-də sosial şəbəkələrdə AYB-nin bir sıra üzvləri mənzillərin verilməsində ilə bağlı sərt ittihamlar səsləndiriblər.

Mənzillərin evi olan, yaxud Yazıçılar Birliyinin rəhbərliyinə yaxın şəxslərə verilməsinə dair ittihamlar irəli sürülüb.

AYB-nin sədr müavini Rəşad Məcid Meydan TV-yə deyib ki, son qərarı AYB-sədri Anar Rzayev verəcək.

MİA.AZ