Xalq yazıçısı Çingiz Abdullayev ATV telekanalının rəhbərliyini Allaha hıəvalə edib.
Mia.az xəbər verir ki, Xalq yazıçısı bu barədə sosial media hesabındakı paylaşımda bildirib: "ATV kanalının rəhbərliyi məni yox, həlak olan şəhidlərin, general Polad Həşimovun xatirəsini təhqir edirlər. Polad Həşimov mənim oxucum olub. Ceyhun Şalıyev mənim kitablarımı oxuyub, toplayıb. Füzuliyə ilk girənlərdən biri olub. Onun atası məni oğlunun ölümünün bir illiyinə dəvət elədi və mənim xeyli kitabımın onların evində olduğunu söylədi.
Başqa bir şəhidimiz – ingilis dilində təhsil alan Rüfət Əhmədzadənin anası onun axırıncı məktubunu mənə bağışladı. Şəhidlərdən biri Bakıya gəlməzdən əvvəl çamadanını mənim kitablarımla doldurub. Bu haqda onun anası danışıb. Belə çıxır ki, onlar hamısı “zir-zibil” oxuyub, öz vətənləri uğrunda ölümə gediblər. Axı mən nə deyim? Sizi Allaha həvalə edirəm. Sizin bu dünyada cəzanız yoxdur! Siz məni deyil, yüzlərlə şəhidin xatirəsini və oxucularımı təhqir etdiniz!".
Qeyd edək ki, bir müddət əvvəl ATV-də yayımlanan “Xəbərin olsun” verilişinin aparıcısı Kubra Məhərrəmova Çingiz Abdullayevin əsərlərini “zir-zibil” adlandırıb. Audiovizual Şura məsələ ilə bağlı ATV-yə irad bildirilib.