Artıq bir neçə gündür ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) 21 nəfərə ev verməsi müzakirə edilir.
Mia.az xəbər verir ki, bununla bağlı AYB-nin sədri Anar Rzayev Globalinfo.az-a danışıb.
“2600 üzvümüzdən 230 nəfəri evlə bağlı bizə müraciət edib. Lakin onlar arasında 21 nəfərə ev verildi. Qeyd edim ki, həmin 21 nəfərin əksəriyyəti işləməyən yazıçılardır. Hətta adlarını da çəkə bilərəm – Seyran Səxavət, Firuz Mustafa, Nəriman Qasımzadə, Dəyanət Osmanlı, Elxan Qaraxanlı və s. Bundan başqa, bizimlə çalışan şəxslər yalnız bizdən ev ala bilərlər. Çünki onların başqa iş yerləri yoxdur. Ona görə, sürücü və katibə də başqa vətəndaş kimi növbədə gözləyərək ev alıb. Ev almaq onların da haqqı idi”, – AYB sədri bildirib.
Sədr bir neçə evi olub, yenidən ev alanlar haqda da danışıb: “Deyirlər 2-3 evi olanlara ev vermişik. Bizə 230 nəfər müraciət edib. Mən necə araşdıra bilərəm ki, onların evi var, yoxsa yox? Ərizə yazarkən evsiz olduqlarını qeyd edirlər. Həmin adamlar da deyirlər ki, ilk evi 20 il əvvəl alıblar, indi isə övladları böyüyüb, ailə qurublar deyə əlavə evə ehtiyacları var. Mən nə deyim?! Deyim ki, yox, sənə ev vermirəm?!”
A.Rzayev yaxın günlərdə AYB üzvlərinə maddi yardım olacağını bildirib: “Pul verəcəyimiz şəxslər də olacaq. Kimlərə verilməsi isə katiblikdə həll olunacaq. Kimin pula daha çox ehtiyacı varsa, o da alacaq”.
MİA.AZ