Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədəki bankların müştərilərinin xidmətlərdən istifadəsi üzrə “şikayət indeksi” açıqlamağa qərar verib.

Mia.az xəbər verir ki, indeksin aylıq əsasda yayımlanması nəzərdə tutulub.

Bu indeks bankların maliyyə dayanıqlığı və kreditləşmə fəaliyyəti ilə bağlı deyildir. İndeks bank müştərilərinə göstərilən kassa, hesablaşma, kart əməliyyatları və sair xidmətlərlə bağlı Mərkəzi Banka daxil olan şikayətlər əsasında bankların müştəri bazasına proporsional olaraq hesabat ayı üzrə bankların sıralamasını əks etdirir.

AMB öz mandatına uyğun olaraq maliyyə xidmətləri istehlakçılarının bank xidmətləri ilə bağlı şikayətlərini diqqət mərkəzində saxlayır və bu sahədə olan trendləri daimi əsasda təhlil edərək müvafiq tədbirlər görür.