Bu il Azərbaycanda yerli istehsalda istifadə olunan 300-ə yaxın aralıq mal idxal gömrük rüsumlarından azad edilib.
Mia.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2023"də çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu addım yerli istehsalın maya dəyərinin azalmasında, ixracın və yerli malların xarici bazarlarda rəqabət qabiliyyətinin artmasında mühüm rol oynayıb.
E. Əliyev qeyd edib ki, hazırda bu proses davam etməkdədir və hökumət tərəfindən bir sıra yeni addımların atılması nəzərdə tutulur: "Belə ki, ixracda hesablaşma qaydalarının təkmilləşdirilməsi, yerli istehsalın qorunması və onun xammal ehtiyacının ödənilməsi, əhalinin idxaldan asılı olan bir sıra zəruri istehlak malları ilə etibarlı təminatı məqsədilə tətbiq olunan tarif tədbirlərinin, o cümlədən güzəştlərin qüvvədə olma müddətinin uzadılması məqsədilə qanunvericilik layihələri hazırlanıb və hazırda aidiyyəti orqanlarla müzakirə olunur".
O hesab edir ki, biznes ekomühitinin yaxşılaşdırılmasının mühüm bir qolu iqtisadiyyatın gömrük-vergi tənzimləməsi sisteminin təkmilləşdirilməsi ilə bağlıdır: "Dövlətin investisiya mühitinin cəlbediciliyini artırmaq üçün fiskal alətlərdən aktiv istifadə etməsi ümumi prosesə müsbət təkan verməkdədir: "Son illərdə sahibkarlıq subyektlərinə əlçatan gömrük alətlərinin, rasional gömrük prosedurlarının təqdim edilməsi istiqamətində mühüm addımlar atılıb, eləcə də gömrük sahəsində elektron bəyanetmə və "yaşıl dəhliz" buraxılış sistemlərinin, yeni innovativ texnologiyaların tətbiqi öz müsbət nəticəsini verməkdədir"(Report).