Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
(Görkəmli coğrafiyaşünas alim Nazim Bababəylinin xatirəsinə)
Bütün yay boyu hər yeri yandırıb, sonunda yorğun düşən Günəşin ilıq şəfəqləri yavaş-yavaş Dərələyəzin zirvələrindən üzü güneyə doğru əyildikcə Şahbuz dağları da özünün payız kürkünə sıx-sıx bürünərək qarlı qışa doğru boylanır.
Vaxt daraldıqca, Salvartının o üzündən əsən soyuq payız küləklərinə həmişəki kimi sinə gərən Üçqardaş özünün kiçik qardaşı Keçəldağla əl-ələ verib bu qışda da kimsənin eşitmədiyi yeni bir nağılla uşaqların görşünə gələcək.
Gündüzlərində Batabat dolaylarına qədər enib otlayan dağ keçilərinin ürkək qaçışları, gecəsində, ayazdan bal kimi şirinləşmiş qara yemişanın iştahına gələn tənbəl ayıların fənər kimi yanan gözləri isə bu nağılın “biri varmış” qəhrəmanlarındandır. Səfərbəy səngərinin sərt yamaclarında güzgü kimi parlayan qırmızı qayaların büründüyü səssizliyi pozan dağlar gözəli Gurbulaq şəlaləsi də bu qışı yaxşıca dincəlib yeni baharda öz sevgisinin ardınca doğma Araza qədər uzanan səsli nəğməsiylə Küküçayın büllur kimi dupduru suyuna şərbət kimi qarışacaq.
Beləcə, son payızda qar Şahbuz dağlarından üzüaşağı endikcə yeddi rənglə bəzənmiş bağçasıyla xudahafizləşən qoca bağban da ağaclarını bu qışa əmanət edib, ömürünün ən sakit, ən rahat bir fəslinə başlayacaq. Onillərdir, hər ibadətində Vətəni, övladları, nəvələri üçün aydın səma, nurlu sabahlar diləyən babanın da arzuları bu payızda çin çıxdı. Artıq, gələn yazdan Qarabağdan daha güllə səsləri gəlməyəcək, daha əsgər analarımız gözü yaşlı qalmaycaqlar.
Hər il Üzən adaya yağan qalın qar artıq gələn yaz əridiyində, Biçənək aşırımından Laçın dağlarınadək köç edəcək qaranquşların sevincindən bütün dünya sevinəcək.
Zəngəzura salam olsun!
MİA.AZ