İsrail əsgərləri Qəzzanın ən böyük sağlamlıq kompleksi olan Şəfa xəstəxanasına hücum edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 100-dən çox əsgər xəstəxananın təcili yardım otağından binaya daxil olublar.

"Hərbçilər əvvəlcə 6 tankla xəstəxananın həyətinə daxil olaraq orada hücuma hazırlıq üçün möhkəmləndilər. Bundan sonra isə təcili yardım şöbəsi istiqamətindən əməliyyata başladlar. Dəhlizlərdə qarşılarına çıxan hər kəsə "hərəkət etmə, tərpənmə" deyə bağıraraq hər yeri alt-üst edirər..."- deyə hadisə şahidlərindən biri  danışıb.

Əl-Cəzirə müxbiri yazıb ki, tibb işçilərinə xəstələrə, o cümlədən yeni doğulmuş körpələrə belə baş çəkməyə imkan verilmir: "Xəstəxanada tibbi yardım tam dayanıb, hətta yaralıların qəbulunun qarşısı alınıb".

Xəstəxananın həkimi müxbirə deyib ki, onlar çarəsiz qalıblar: "Bizə nə edəcəklərini bilmirik. İnsanları öldürəcəklərmi, bilmirik. Biz bu xəstəxana ilə bağlı yalan təbliğatın olduğunu bilirik, əslində, onlar da bizim qədər yaxşı bilirlər ki, burada HƏMAS döyüşçüləri yoxdur, olmayıb da".

İsrail ordusunun sözçüsü Aviçay Adraee isə sosial şəbəkədəki paylaşımında Şəfa Tibb Mərkəzinin müəyyən hissəsində hərbi əməliyyat keçirildiyini təsdiqləyib: "Əməliyyat vətəndaşları, tibb işçilərini və xəstəxanada olan xəstələri hədəf almayıb. Əməliyyatdan əvvəl məsələnin xəstəxana müdiriyyətinə çatdırdıq".

O, hətta əməliyyatdan əvvəl xəstələrin və ora sığınan qaçqınların çıxarılması barədə "Şəfa" rəbərliyinə təlimat verdiklərini də gizlətməyib və eyni zamanda, HƏMAS üzvlərini təslim olmağa çağırıb.

Qəzza Səhiyyə Nazirliyinin Facebook səhifəsində nazirliyin sözçüsü Əşrəf əl-Qudra yazıb ki, İsrail qüvvələrinin xəstəxananı şiddətli bombardmana və şiddətli atəşə məruz qoyub: "İndi də İsrail tankları xəstəxananın qapısında dayanıb. İsrail Şəfa Tibb Mərkəzini hər tərəfdən mühasirəyə alaraq, buradakı hər kəsi ölümə sürükləyib...".

Sözçü deyib ki, xəstəxanada 1500 nəfərlik tibbi heyət və təxminən 7 min qaçqın var.

HƏMAS isə əməliyyatla bağlı açıqlamasında bildirib ki, orada hər hansı bir hərbi ünsürü yoxdur: "Biz Birləşmiş Millətlər Təşkilatını Qəzzadakı xəstəxanaları yoxlamaq üçün beynəlxalq komissiya yaratmağa çağırırıq".

HƏMAS daha sonra hücuma görə İsraili və Baydeni ittiham edib: "Cenevrə Konvensiyası ilə qorunan bir tibb müəssisəsinə qarşı törədilən bu vəhşi cinayətin məsuliyyəti onların üzərindədir...".

Tahir Şəlvəli

MİA.AZ