Toğrul İman oğlu Cəfərli,

Naxçıvan Dövlət Universiteti 

ToghrulJafarli777@gmail.com   

***

Özünəməxsus mövzuları, zəngin süjetləri ilə dünya incəsənətinə mühüm uğurlar qazandıran  Azərbaycan rəssamlığı tarixində portret janrı daim realizmə bağlılığı ilə səciyyələnmiş və yeni nəsil rəssamlar formalaşmasına ciddi təsir göstərmişdir.

Şübhəsiz ki, portret janrı yaradıcı insandan xüsusi məsuliyyət, məxsusi sənətkarlıq qüdrəti tələb edir. Bu cəhətdən təqdirəlayiq haldır ki, Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı Oqtay Sadıqzadə XX əsrin əvvəllərindən etibarən məhz portret janrında özünü ifadə etmiş və bu janrda ciddi sənət nümunələri meydana gətirmişdir.

Oqtay Sadıqzadə tərəfindən çəkilmiş və Azərbaycan rəssamlığının incilərinə çevrilmiş sənət əsərlərinə əsaslanaraq bir neçə mühüm məqamı ayrıca qeyd  etməyi lazım bilirik:

1. Məsələ ondadır ki, çar, yaxud sovet Rusiyasının anti-Azərbaycan  siyasətinin mühüm istiqamətlərindən biri də xalqı təmsil edən görkəmli şəxsiyyətlərin arxa planda saxlanılması, bu yolla şanlı tariximizi unutdurmaq olmuşdur. Qüdrətli sənət adamları isə öz portret əsərləri ilə sözün əsl mənasında milli ideologiyaya xidmət etmişlər.

Daha əhəmiyyətlisi isə  Oqtay Sadıqzadənin yaratdığı portretlərdə həyatlarını və fəaliyyətlərini müstəqil dövlətçiliyə həsr etmiş dahi şəxsiyyətlərin monumental surətləri ilə qarşılaşırıq. Bəli, realist rəssam öz əsərlərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi, Akademik Zərifə xanım Əliyevanı, müasir Azərbaycanın elm və incəsənət sahəsində tanınmış şəxsiyyətlərini canlandırmışdır. Təbii ki bu, müstəqillik dövründə Azərbaycanın artan rolu və özünün tarixi zəminin qüvvətləndirilməsini təmin etmək baxımından mühüm əhəmiyyət kəsb edir desək, yanılmarıq.

2. Əbədi obrazlar: O, dünya ədəbiyyatının klassiklərinin əsərlərinə illüstrasiyalar yaratmış və bu illüstrasiyalar obrazların dərin və qarşılıqlı münasibətini, tipikliyini yansıtmışdır.

3. Kompozisiya və rəngkarlıq: Oqtay Sadıqzadə portretlərini klassik rəngkarlıq prinsiplərinə əsaslanan qrafik əsərlər şəklində yaratmışdır. O, kompozisiya ilə şəklin ətrafındakı əşyaların münasibətini diqqətlə işləmiş və bu, portretlərin bədii strukturunu və tamlığını artırmışdır.

Oqtay Sadıqzadənin portret yaradıcılığı Azərbaycan təsviri sənətinin inkişafında əhəmiyyətli bir rol oynamış, müstəqillik dövrünün simvollarını və mühüm şəxslərini incəsənət vasitəsilə əks etdirmiş və bu sayədə bir çox gözəl və dəyərli əsərlər yaratmışdır. Oqtay Sadıqzadənin portretləri tarixi və mədəni incəsənətə olan özünün yüksək təqdimatıdır və Azərbaycanın mədəni irsini zənginləşdirməkdədir. Onun portretləri Azərbaycanın mədəniyyətinə dair zəngin bir incəsənət və ictimai məzmun əks etdirir.

Oqtay Sadıqzadə portretlərini həmçinin klassik rəngkarlıq prinsipləri və kompozisiya tərzində işləyərək obrazları rəng bədiiyyatı ilə təsvir edir. Əsərlərində realistika ilə yanaşı, onun müstəqil bədii üslubu da görünməkdədir.

Oqtay Sadıqzadənin Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevə həsr etdiyi və 1999-cu ildə yaratdığı “Azərbaycan Respublikasının Prezidenti, Zati Aliləri Cənab Heydər Əliyev” adlı portreti bir neçə mühüm məqamı özündə ehtiva edir. Azərbaycan Respublikasının Prezidenti, Ümummilli Lider Heydər Əliyevin monumental surətini əks etdirən portret rəssamlıq sənətində bir çox “izm”lərin vəhdəti əsasında yaradılması baxımından diqqəti cəlb etməkdədir. Bu portreti yaradarkən müəllif ilk növbədə dahi şəxsiyyətə məxsus əzəmət və vüqarı canlandırmışdır.

Maraqlıdır ki, rəsm əsərində dahi öndərin portreti canlı həyatla vəhdətdədir. Ulu Öndərin baxışları birbaşa uzaqlara, daha doğrusu, Azərbaycanın sabahına dikilib. Əslində Heydər Əliyevin əlindəki proqram Müstəqil Azərbaycanın gələcəyinə hesablanmış dövlət sənədidir. Bu mənada, portretdəki digər elementlər, o cümlədən, salonun nəhəng sütunları belə Heydər Əliyevin monumental şəxsiyyəti ilə müqayisədə kölgədə qalır. 

Rəssamın əsərləri sırasında Akademik Zərifə xanım Əliyevaya həsr etdiyi portret  bir neçə cəhətdən diqqəti cəlb etməkdədir.

Portretdə təsvir olunan bütün elementlər – zərif bir güldan içərisində rəngarəng çiçəklər, milli ornamentlərlə bəzədilmiş masa, eləcə də, portretin işıq saçan fonu Zərifə xanım Əliyeva şəxsiyyətinin  zərifliyindən, sabaha inamından, nikbin dünyagörüşündən xəbər verməkdədir. Bu rəsm əsəri, eyni zamanda, Azərbaycanın elit, modern dünyaya çıxışını təsdiqləməkdədir. Rəssamın bu əsəri Azərbaycanın portret rəssamlığında “barokko” üslubunun mövcudluğunu da təsdiqləməkdədir. Rəsm əsərinin ən böyük müsbət cəhəti sadəliyində, sadə olduğu qədər də zənginliyindədir. 

Bəli, milli rəssamlıq sənətimizin inkişafında mühüm rol oynayan Oqtay Sadıqzadənin bir-birindən rəngarəng portretlər qalereyası çağdaş Azərbaycan incəsənətinin sənət salnaməsi olub, təsvir formalarının sadəliyi və monumentallığı ilə səciyyələnərək incəsənət tariximizdə özünəməxsus yer tutur.

MİA.AZ