TRT-də yayımlanan “Kod Adı Kırlangıç” serialının TRT-nin Taksim Təpəbaşı Studiosund qala gecəsi keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mərasimdə çıxış edən TRT baş direktoru Mehmet Zahid Sobacı uzun müddətdir bu layihə üçün vasvasılıqla çalışdıqlarını qeyd edib: "Layihənin əsas məqsədi tam müstəqil Türkiyənin gələcəyi olan uşaqların istedadlarının texnoloji sahələrə yönəldilməsinə töhfə verməkdir. Bu gün texnologiyanın hakim olduğu və aparıcı rol oynadığı bir dövrdəyik. Xeyir və şər arasında ən əsaslı və ən sərt mübarizənin getdiyi sahələrdən birinin rəqəmsal və texnoloji sahə olduğu bir həqiqətdir. Ona görə də bu layihəni maarifləndirmə səyinin məhsulu kimi qiymətləndirmək lazımdır".
Aktyor Ali Kayra Gürel serialda "Yiğit Efe" obrazını canlandırdığını ifadə edərək, bildirib: "Yiğit Efe və komandası çox ağıllı uşaqlardır. Məncə, bu serial yeni nəsilə çox yaxşı təlqin edib".
"Zeynep" obrazını canlandıran Elif Kurtaranın sözlərinə görə, serialın çox yaxşı qəbul ediləcəyinə əmindir: ""Zeynep" dostlarını düşünən, ailəsi tərəfindən bir az da sıxılan bir obrazdır. Yaxşı bir layihə olacağını düşünürəm. Ümid edirəm ki, tamaşaçılar bəyənəcək”.
Xatırladaq ki, TRT 1-in yeni serialı "Kod Adı Kırlangıç" məhəllədə qurduqları gizli texnologiya bazasında öz pilotsuz uçuş aparatlarını dizayn edən gənclərin hekayəsini ekranlara gətirir.
Ləman
MİA.AZ