""Kapital Bank"da kart hesabınız varsa, yazımı diqqətlə oxuyun. Əgər bankın təhlükəsizlik sisteminə güvənirsinizsə, məncə, yanılırsınız. Çünki “bəzi hallar"da təhlükəsizlik sistemi işləmir. Məndəki kimi".
Mia.az xəbər verir ki, bu sözləri Feysbuk-dakı səhifəsində vəkl Tural Hüseynov yazıb.
Onun sözlərinə görə, özündən xəbərsiz, yəni hər hansı bir 3D mesajı gəlmədən kartindan böyük məbləğdə vəsait Vyetnama köçürülüb:
"Bu, 03.11.2023 cü il tarixdə saat 13:40 radələrində baş verib. 3 D təhlükəsizlik sistemi isə "nahar fasiləsi"ndə olub. Təsdiqsiz-filansız köçürmə olunub, bankın ruhu belə inciməyib".
Vəkil yazıb ki,kartından pulun oğurlanmasından həmin tarixdə axşam saatlarda xəbərdar olub:
"Ertəsi gün baş ofisdə Fraud və dələduzluğla “mübarizə” şöbəsində qəbulda olmuşam. Bildirdilər ki, pul hələ ünvan üzrə çatmayıb, təsdiq mərhələsindədir. Yazılı və şifahi qaydada müraciət etmişəm ki, məktub yazıb ödənişin təsdiqlənməsinin qarşısını alsınlar. Amma heç bir hərəkət etmədilər. Gülməlisi odur ki, dedilər sorğu vermələri üçün pulun dələduzlara çatmasını gözləmək lazımdır. Əvəzinə çox gözəl vədlər verdilər: "3 D ilə təsdiqlənmədiyi üçün ödəniş sistem tərəfindən geri qaytarılacaq. Olmasa, bizim tərəfimizdən chargeback ilə geri qaytarılacaq" və s.
Təbii ki, hamsı absurddur. Ona istiqamətlənib ki, sən inanasan və gözləyəsən. Gözləyə-gözləyə də qəbullanırsan. Uzun sözün qısası, "Kapital Bank"ın təhlükəsizlik sisteminin vecinə də deyil ki, sənin pulunu kimsə harasa köçürür. Sənin pulunun sonrakı aqibəti də onların vecinə deyil. Niyə olsunki?! ona görə də pulunuzu əmanət etməmişdən yaxşı-yaxşı fikirləşin".
Vəkilin sosial media hesabındakı bu ittihamına tağ olunan "Kapitalbank"dan isə şablon cavab verilib:
"Salam, Hörmətli Tural Hüseynov.
Belə düşüncədə olmağınız bizi çox təəssüfləndirir. "Kapital Bank" üçün hər bir müştəri və onlara göstərilən xidmətin səviyyəsi, bank məhsulları haqqında olan düşüncələri, dəyərləndirmələri çox önəmlidir.
Qeyd etdiyiniz məsələ ilə bağlı sizin kartınız yoxlanılmalıdır və təəssüflər olsun ki, kartınızın burada təhlükəsizlik baxımdan yoxlanılması mümkün deyil. Müraciətiniz ilə bağlı Sizə tam xidmət göstərə bilməyimiz üçün Birbank mobil tətbiqində - Daha çox - Bankla əlaqə - Çat bölməsindən bizə yazmağınızı xahiş edirik. Əgər sizdə tətbiqimiz hələ yoxdursa, onu http://www.kbl.az/b buradan yükləyə bilərsiniz, bu, cəmi bir neçə dəqiqə çəkəcək".
Şikayətçi isə bankın bu cavabına belə reaksiya verib: ""Kapital Bank" statusumu tam oxumadan və narazılığın mahiyyətinə varmadan şablon cavab yazmısınız. Buradan sizin üçün hər bir müştərinin və onlara göstərilən xidmətin nə qədər önəmli olduğu aydındır".
Samir MUSAYEV
MİA.AZ