"Qarabağ Dirçəliş Fondu "Qarabağın Dirçəlişi: Faciədən Zəfərə" adlı kitabın yazılması üçün Dubayda qeydiyyatdan keçmiş "Media Prima Advertising" şirkəti ilə 1.2 milyon manatlıq müqavilə imzalayıb".

Mia.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Elçin Rüstəmli Feysbuk-dakı səhifəsində paylaşıb.

Onun sözlərinə görə, bu Fondun rəhbəri Rəhman Hacıyev bu yaxınlarda AzTV-də demişdi ki, Fonda 1.5 milyard manata yaxın vəsait yığılıb: "Onun bir hissəsi Qarabağdakı layihələrə əvəzsiz yardım kimi verilir, bir hissəsi də gəlirli səhmlərə investisiya edilir.

Qurumun saytına girib baxdım, ianə verən şirkətlərin, sahibkarların, adi vətəndaşları adı olan bölmə yoxdur;

Hansı layihələrə əvəzsiz maliyyə yardımı verilib, o haqda informasiya yoxdur;

Hansı şirkətlərin səhmlərinə, hansı şərtlərlə vəsait yatırılıb, o da yoxdur.

Fondun "Qlobal" Plazada qəşəng, dəbdəbəli ofisi, yaxşı əməkhaqqı alan işçiləri var, yəqin onların saxlanmasına iri məbləğlər tələb edir.

Bu Fonda yığılan hər qəpik ictimai vəsaitdir, onunla bu şəkildə davranmaq olmaz, aidiyyatı qurumlar hara baxır?".

***

Bu ilin əvvəlindən Qarabağ Dirçəliş Fondu bir sıra xarici ekspertlərlə birlikdə “Qarabağın səsi” adı altında hərtərəfli çoxkanallı kommunikasiya strategiyasının hazırlanması üzərində işə start verib.

Bu barədə Qarabağ Dirçəliş Fondunun yaydığı məlumatda deyilir.

Fond bildirir ki, Bu strategiya çərçivəsində “Qarabağın Dirçəlişi: Faciədən Zəfərə” adlı kitabın yaradılması üzrə işlərə başlanılıb.

Bu layihə təkcə kitab yazılması deyil, həm də xüsusi internet platformasının yaradılması, kitabın müxtəlif çap və rəqəmsal formatlarda nəşri, Azərbaycanda və xaricdə təqdimatı və yayılması və s. istiqamətlər üzrə işləri əhatə edir.

Xüsusilə, layihəyə aşağıdakı komponentlər daxildir:

• Arxivlərdə müvafiq araşdırmaların aparılması və Azərbaycanda və xaricdə 50-dən çox müsahibənin aparılması;

• Kitabın ingilis dilində yazılması;

• Kitabın Azərbaycan, türk və rus dillərinə tərcüməsi;

• Kitabın 6000 ədəddən çox sayda xüsusi hədiyyəli sərt üzlü (VIP), standart sərt və yumşaq üz qabığı formatlarında nəşri;

• Kitabın elektron versiyasının PDF, EPUB, MOBI, KINDLE formatlarında nəşri;

• Arxiv sənədlərinin, müsahibələrin videoyazılarının, interaktiv xəritələrin və digər rəqəmsal məzmunun mövcud olacağı, linklər, QR kodlar, heşteqlər, daxil edilmiş məzmunlar vasitəsilə kitabın elektron və çap nəşrləri ilə əlaqələndiriləcək internet platformasının yaradılması;

• Bakıda və xaricdə kitab təqdimatlarının keçirilməsi;

• Sosial şəbəkələrdə və axtarış xidmətlərində genişmiqyaslı kampaniyanın aparılması.

Kitabın nəşri aşağıdakı məqsədlərə çatmağa imkan yaradacaq:

• Azərbaycanın erməni işğalçı qüvvələri üzərində tarixi Zəfərinin əsas nailiyyətlərini sənədləşdirmək;

• Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurun bərpası üzrə səylərini və regionda sonrakı müsbət dəyişiklikləri əks etdirmək;

• Oxucuları münaqişədən sonrakı quruculuqla bağlı çağırışlar və çətinliklər haqqında məlumatlandırmaq;

• Azərbaycan xalqının mədəniyyətini nümayiş etdirmək (xüsusən də Qarabağ bölgəsi kontekstində);

• Münaqişədən sonrakı digər zonalarda mümkün tətbiqi üçün yenidənqurma işlərində Azərbaycan təcrübəsini təbliğ etmək və s.

Qeyd edək ki, layihənin təşəbbüskarı və müəllifi Azərbaycan və Ermənistan-Azərbaycan münaqişəsi həqiqətləri ilə yaxından tanış olan britaniyalı müəllif Qrem Vilsondur.

Q.Vilson Azərbaycan haqqında müxtəlif əsərlərin, o cümlədən Prezident İlham Əliyevin bioqrafiyası «A Portrait of a President», ümummilli lider Heydər Əliyevin həyatından bəhs edən «The Rise and Fall and Rise Again of Heydar Aliyev and Azerbaijan», «Azərbaycan Xalq Cümhuriyyəti: heç vaxt ölməyən arzu» kitabı, həmçinin Ermənistanın işğalçı rejiminin Qarabağdakı qanunsuz fəaliyyətinə dair materialların müəllifidir.

Kitabın yaradılması üzrə işlərə başlamaq üçün bu kompleks layihənin təşəbbüskarı və müəllifi kimi çıxış edən Q.Vilsonun rəhbərlik etdiyi “Media Prima Advertising” şirkəti ilə müqavilə bağlanmışdır. Müqavilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam uyğun olaraq, xidmətlərin göstərilməsinin bir mənbə üsulu ilə bağlanıb (kitabın yazılması və yayılması üzrə təcili zərurəti və bu layihə üzrə müəllif hüquqlarının Media Prima şirkətinə məxsus olduğunu nəzərə alaraq). Daha ətraflı məlumat etender.gov.az saytında əldə oluna bilər.

“Media Prima Advertising” şirkəti başqa ölkənin rezidenti olduğu üçün müqavilənin yuxarıda göstərilən işlərdən əlavə, müqavilənin dəyərinə (1.178.672,00 AZN) əlavə dəyər vergisi (18%) və ödəmə vergisi (10%) daxildir.

Həmin strategiya Qarabağ həqiqətləri, irimiqyaslı bərpa layihələrinin gedişatı, eləcə də onların bütün regionun davamlı gələcəyinin qurulmasına təsiri haqqında məlumatların ölkə daxilində və xaricində təşviq olunmasına xidmət edəcək.

Bu işlərə Qarabağ Dirçəliş Fondunun Nizamnaməsinin 1.1-ci bəndinə uyğun olaraq başlanılıb (Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirmək).

Qeyd edək ki, bu kommunikasiya strategiyasının həyata keçirilməsi müstəsna olaraq Fondun investisiya fəaliyyətindən əldə etdiyi və 2022-ci ilin sonunda 34,454,187 AZN təşkil edən mənfəət hesabına həyata keçiriləcək (maliyyə göstəriciləri haqqında ətraflı məlumatı bu ünvanda yerləşən maliyyə hesabatlarından əldə etmək mümkündür). Fonda edilən ianələrdən istifadə bu işlərin həyata keçirilməsi üçün nəzərdə tutulmayıb.

Samir

MİA.AZ