Xalid NİYAZOV
***
Sürəkli olaraq təhsilin bərbad gündə olduğundan yazırlar. Nə yazıq ki, elm də ondan irəli getməyib, eyni rəzil durumdadır. Səbəb? Birdimi-beşdimi?!
Sovet dövrünün qanadlı bir ifadəsi vardı - Hər şeyi kadrlar həll edir!
Bəli, istənilən fəaliyyət sahəsindəki vəziyyət həmin seqmentə rəhbərlik edən şəxsin, türklər demiş, kapasitəsi ilə düz proporsionaldır. İstənilən sahəni götürün və baxın; vəziyyət babətdirsə, deməli, rəhbərlik edən də normaldır. Yox, “tumanbağı əldən gedibsə”, səbəbi “birincidə” axtarın.
Eynən, elm və təhsil sahəsində olduğu kimi. İçərişəhərin “JEK” müdiri işləmiş bir adamın təhsil naziri təyin edilməsi ilə bütövlükdə məmləkətin təhsil sisteminin “anasını ağlatdılar”. Və həmin “ağlaşma” hələ də davam edir.
"Boz kardinal"ın Elmlər Akademiyası kimi strateji bir sahəyə rəhbər göndərilməsi isə elmin “halvasını çalmağa” bərabər idi. Və bu gün də yeyilir.
Ölkədə kadr siyasətinin bəzi kiçik istisnalarla bütün sahələrdə bərbad olduğu həmin kadrların özlərindən başqa hamıya məlumdur. Hər yeni təyinatda, Çernomırdinin sözü olmasın, istəyirlər nəsə yaxşı bir iş görələr, ancaq həmişəki kimi alınır.
Təzəlikcə oxuduq ki, Ülkər Səttarova adlı bir xanım da Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunub.
ÜLKƏR SƏTTAROVA
Görünəni budur ki, elm və təhsil sahəsində “laborator təcrübələr” yeni bir vüsət alır. Və bu adam professor və akademiklərin başında durduğu təhsil və elm müəssisələrinə ümumi rəhbərliyi həyata keçirəcək. Hansı fövqəlistedadına, müstəsna bacarıqlarına görə?! Nəticə indidən məlum deyilmi?!
Söhbət şəxslərdən deyil, zərərli kadr siyasətindən gedir.
MİA.AZ